Qüdrət Həsənquliyev: “Paşinyan həmin missiyanın həyata keçirilməsi üçün qurbanlıqdır”

Qüdrət Həsənquliyev: “Paşinyan həmin missiyanın həyata keçirilməsi üçün qurbanlıqdır”

“Azərbaycanda iqtisadi və siyasi islahatlar davam etdirilməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- Dünən Milli Məclisdə Dağlıq Qarabağ problemi ilə bağlı təcili dinləmələr keçirilməsini təklif etdiniz. Təklifi irəli sürmənizin səbəbi nədir? Axı faktiki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparılmır?

- Əvvəla, Dağlıq Qarabağ problemi Azərbaycanın əsas problemidir. Ona görə də bu problem həmişə ölkə siyasətçilərinin daim diqqətində olmalıdır. İkincisi, bizim torpaqlarımızı işğal etmiş Ermənistanda hazırda ciddi və gərgin proseslər davam edir. Ermənistandakı siyasi qüvvələr ölkə daxilində üstünlük əldə etmək üçün cəbhə xəttində müxtəlif təxribatlara əl ata bilərlər. Həm Nikol Paşinyanın, həm Serj Sərkisyanın tərəfdarları, həm də yaranmış vəziyyətdə hakimiyyətə göz dikmiş üçüncü qüvvə bu addımı ata bilər. Ölkənin siyasi elitası, o cümlədən hərbi-sənaye kompleksinə, orduya daxil olan şəxslərin bir hissəsi artıq Sərkisyan gedəndən sonra Nikol Paşinyanı da ciddi qəbul etməyib, özləri hakimiyyəti ələ almaq fikrinə düşə bilərlər. Cəbhədə təxribat törədib, daha sonra qoşunu İrəvana çəkib öz aralarında haqq-hesab çəkə bilərlər. Bütün bu baş verənlər isə bizim ölkə üçün son dərəcədə əhəmiyyətlidir. Torpaqlarımızın 20 faizini işğal altında saxlamış dövlətdə ciddi siyasi hadisələr baş verir. Biz, sadəcə, digər qonşular, Avropa ölkələri kimi Ermənistanda baş verənləri müşahidə etməməliyik. Ona görə də Milli Məclisin xüsusi iclası çağırılmalı, hökumət ora dəvət olunmalıdır. Hesab edirəm ki, prezident də Milli Məclisdə danışıqların gedişi barədə məlumat verə bilər. Torpaqların işğaldan azad olunması ilə bağlı siyasət nədən ibarətdir - bu barədə də parlamentə məlumat verilməlidir və millət vəkillərinin fikirləri dinlənilməlidir. Elə məsələlər var ki, mediada deyə bilmirəm, parlamentin qapalı iclasında açıq danışa və məsələləri müzakirə edə bilərik.

Nəzərə almalıyıq ki, qonşu olduğumuz böyük dövlətlərin hər birinin də Ermənistanda öz marağı var. Azərbaycan hakimiyyəti bu məsələləri ciddi müzakirə etməlidir. İndi hakimiyyətə gəlməyə çalışan Nikol Paşinyan Rusiya ilə müttəfiqlik münasibətlərini qoruyub saxlayacağı barədə and-aman etsə də, o, daha çox qərbyönümlü elektoratın təmsilçisidir. Nikol Paşinyan mütəmadi olaraq Ermənistanın Avrasiya İttifaqından çıxması ilə bağlı çağırışlar edib. Bundan başqa, Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində Serj Sərkisyandan da sərt və radikal mövqe sərgiləyir. Ona görə də, bu məsələdə Azərbaycanın bəzi maraqları Rusiya ilə də üst-üstə düşə bilər. Bu səbəbdən də Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə, xüsusilə də Rusiya ilə intensiv danışıqlar aparmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycan öz ədalətli, haqlı dövlət maraqlarını təmin etmək üçün yaranmış vəziyyətdən istifadə edə bilsin. Mən əminəm ki, Ermənistanda qərbyönümlü siyasət yürüdənlər böyük bir ümid qırıqlığına düçar olacaq. Ola bilsin ki, Ermənistanda hərbi qiyam baş versin. Qiyamın nəticəsi olaraq İrəvanda qərbyönümlü hakimiyyət gedir, insalar ümidsizliyə düçar olur və xalq uzun illər Ermənistanda siyasətdən kənara çəkilir. Beləliklə də Rusiya Ermənistanda uzun illər istədiyi şəxsi hakimiyyətə gətirir, problemsiz Ermənistanı idarə edir.

Artıq üçüncü onillikdir ki, Dağlıq Qarabağ münaqişəsi davam edir. Bəlkə də son 30 ildə Azərbaycan üçün ən əlverişli məqamlardan biri yaranmaqdadır. Azərbaycan özünün ağıllı və çevik siyasəti, cəsarətli qərarları ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail ola bilər. Mən parlamentdə qeyd etdim ki, 1993-ci ildə Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası qərar qəbul etmişdi ki, Kəlbəcər və digər işğal olunmuş Azərbaycan əraziləri işğaldan azad olunsun. Amma ermənilər Azərbaycanda yaranmış hakimiyyət boşluğundan və vətəndaş qarşıdurmasından istifadə edərək, nəinki torpaqları azad etmədilər, üstəlik, Dağlıq Qarabağ ətrafındakı digər rayonları da işğal etdilər.

- Düşünürsünüz ki, tarix təkrarlanır…?

- Bəli. Məsələ Azərbaycandan asılıdır ki, nə dərəcədə çevik və cəsarətli siyasət yürüdüləcək. Tarixdə xalqların, dövlətlərin siyasi həyatında elə məqamlar olur ki, həmin məqamda qəbul edilən qərar o xalqın növbəti 100 illik üçün gələcəyini müəyyənləşdirir. Əlbəttə, fərqindəyəm ki, dövlət rəhbərliyi yüz dəfə ölçməli, bir dəfə biçməlidir, əsassız risklərə getməməlidir. Amma risklər zamanı olacaq. Əgər qələbə, torpaqların işğaldan azad edilməsini istəyiriksə, risk hər zaman olmalıdır və xalq da bu riskə hazır olmalıdır. Çünki risklər olmayan yerdə böyük qələbələrdən söhbət gedə bilməz. Yəni biz Lələtəpəni azad edə bilərik, amma Qarabağ azad etmək üçün yeri gələndə böyük risklərə, cəsarətli qərarlara da ehtiyac var və biz də buna getməliyik.

- Necə düşünürsünüz, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi mümkündürmü?

- Bəli, Nikol Paşinyanın hakimiyyətə gəlmək ehtimalı var, ancaq bu hakimiyyət uzun müddət davam etməyəcək. Yəni Nikol Paşinyan uzun müddət Ermənistanda sabitliyi təmin edə, qüvvələr arasında uzlaşma yarada bilməyəcək. Birincisi, Ermənistanda güclü Dağlıq Qarabağ klanı var, kifayət qədər maddi imkanlara malikdir, ordu və güc strukturlarında kifayət qədər kök atıblar, asanlıqla təslim olmayacaq, mövqelərini əldən verməyəcəklər. İkincisi, Rusiya amili var. Məncə, Rusiya özü də Nikol Paşinyanın hakimiyyətə gəlməsinə yol açır. Rusiya qərbyönümlüləri iflasa uğratmaq və uzun müddət hakimiyyət iddiasına düşməməsinə səbəb olacaq nəticəyə çalışır. Sadəcə, Azərbaycan bundan nə dərəcədə faydalana biləcək, bizim üçün əsas məsələ budur. Ona görə də Milli Məclisin xüsusi qapalı iclasının keçirilməsini təklif etdim. Azərbaycan hökuməti indi intensiv danışıqlar aparmalıdır. Ermənistanda bu qədər gərgin vəziyyət olmasına baxmayaraq, mən bu dövrdə görmədim ki, xarici işlər nazirimiz Qazaxıstana, Rusiya, Belarusa səfər etsin. Bu səfərlər olmalı idi. Parlamentdəki çıxışım da bu narahatlığımdan irəli gəlib. Bəlkə hökumətin addımlarını qənaətbəxş saysaydım, parlamentdəki çıxışıma da ehtiyac qalmazdı. Çox təəssüf ki, bizim hökumət indi Ermənistanda baş verənlərə müşahidəçi mövqeyi tutub.

- Uzun illərdir ki, sülh danışıqları aparılır, “xalq diplomatiyası” çərçivəsində ziyalıların səfərləri olur. Ancaq Azərbaycanın hətta bir rayonunun da işğal edilməsini zəruri sayan və münaqişənin həllində daha radikal mövqe tutan Nikol Paşinyan meydanlarda ermənilərin dəstəyini alır. Bu, əslində illərlə aparılan sülh danışıqlarının davam etdirilməsi ilə bağlı sual doğurmurmu?

- İndiyə qədər aparılan sülh danışıqları bizim ölkəmizə vaxt qazanmaq baxımından müsbət dividentlər də qazandırdı. Azərbaycan zamandan istifadə edərək neft müqavilələrini imzaladı, ölkədə silahlı müxalifət yığışdırıldı, sabitlik təmin olundu, ölkəyə böyük neft pulları gəldi, iqtisadiyyat dirçəldi, güclü ordu quruldu, hərbi sənaye kompleksi yaradıldı. Yoxsa Azərbaycanda hər kəs başa düşür ki, Ermənistanla, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmağın heç bir mənası yoxdur. Çünki Ermənistan heç bir şeyi həll etmir. Sizi əmin edirəm ki, Nikol Paşinyan, yaxud başqası Rusiyanın razılığı olmadan Azərbaycanla bu problemi həll etmək istəsə, ya Dəmiçiyan və Vazgen Sərkisyan kimi parlamentdə başlarına güllə vurulacaq, ya da yaxşı halda Ter-Petrosyan kimi hakimiyyətdən kənara atacaqlar. Hər zaman deyirəm, Azərbaycan bu danışıqları Rusiya ilə aparmalıdır. Rusiyanın istəyi, regionda maraqlarının necə təmin edilməsi də danışıqların mövzusu olmalıdır. Rusiya arxayın olmalıdır ki, onu bu regiondan tamamilə çıxarıb kənara atmayacaqlar və bizə imkan versin ki, Ermənistanla bu problemi həll edək, ərazi bütövlüyümüzü təmin edək. Ona görə də, danışıqlar Rusiya ilə aparılmalıdır. Ermənistanda bu qədər qarışıqlıqlar baş verir, hələ Azərbaycanın xarici işlər naziri Rusiyaya səfər etməyib. Mən, sadəcə, bunu başa düşə bilmirəm.

Azərbaycan daha çevik bir xarici siyasət yürütməlidir. Biz böyük müharibəsiz, böyük dağıntılarsız, böyük itkilərsiz bu problemi həll etmək istəyiriksə, Rusiya ilə danışmalıyıq ki, Azərbaycana mane olmasın. Yenə də deyirəm ki, Nikol Paşinyan, yaxud Serj Sərkisyan olsun, onlarla danışıqlar aparmağın mənası yoxdur. Digər tərəfdən, uzun müddətdir hamı bilirdi ki, Rusiya Serj Sərkisyanın ikili oyunundan bezmişdi. Onun həm Avropa İttifaqı ilə assosiativ saziş imzalamaq istəyi, həm də Sürix protokollarını imzalaması Rusiyanı qıcıqlandırmışdı. Rusiya Serj Sərkisyanı hakimiyyətdən devirmək barədə düşünürdü, amma bunun böyük çaxnaşmalarsız olmasını istəyirdi. Hesab edirəm ki, Rusiya bu istəyinə çatıb. İndi Rusiyanın qarşısında duran məsələ xalqın qərbyönümlü hissəsini məyusluğa məruz qoymaqdır ki, onlar bir daha Qərbə inteqrasiya haqqında düşünməsinlər. Nikol Paşinyan da həmin missiyanın həyata keçirilməsi üçün seçilmiş qurbanlıqdır. Bu qurbanlığın hakimiyyətdə 6 ay, bir il qalması və ya hakimiyyətə gəlmədən qurban verilməsi də mümkündür. Hazırda Ermənistanda Nikol Paşinyan bilərəkdən, yaxud bilməyərəkdən Rusiyanın siyasətinin həyata keçirilməsinə xidmət edən bir fiqurdur.

- Yeri gəlmişkən, Azərbaycanda prezident seçkilərindən sonra hökumətdə xeyli dəyişikliklər oldu. Bu dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Hökumətə xeyli gənc kadrlar gəlib. Çox müsbət haldır ki, parlamentdən hökumətə həmkarlarımız cəlb olunub. Düşünürəm ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirəcəklər. Parlament böyük bir siyasi məktəbdir. Düzdür, bu o demək deyil ki, millət vəkili olan şəxs nazir təyin olunursa, 100 faiz uğurlu olacaq. Ancaq hökumətə keçmiş deputatların digərləri ilə müqayisədə 90 faiz daha uğurlu olacağına əsas var. Parlamentdən nazirlərin təyin olunması çox müsbət haldır və təqdir olunmalıdır. Bu siyasət davam etməlidir. Görürsünüz, Türkiyədə nazirlər tez-tez dəyişir, parlamentə gəlirlər, bəziləri parlamentdən nazir təyin olunur. Yəni bu dinamika daim olmalıdır. Nazir postu siyasi vəzifədir və bu vəzifədə də siyasi baxımdan hazırlıqlı insanlar olmalıdır. Hökumətin tərkibində xeyli dəyişikliklər baş verib. Əlbəttə, hökumətin nüvəsini təşkil edən fiqurların qalması önəmli idi. Hökumətdə prezidentə sədaqəti, öz işgüzarlığı ilə seçilən insanlar var və bu insanların yeni hökumətdə də təmsil olunmaları müsbət haldır.

Hazırda nə baş verməlidir? İlk növbədə dövlət məmurlarının əməkhaqqı kifayət qədər artırılmalı və ixtisarlar aparılmalıdır. Mən prezident seçkiləri kampaniyasında da söyləmişdim ki, məmur ordusunun 1/3-i azaldıla bilər, buna çox böyük ehtiyac var. Sinqapurda baş nazir Li Kuan Yu böyük islahatlara başlayanda dedi ki, məmurların əməkhaqqını əhəmiyyətli səviyyədə artırmadan korrupsiyaya qarşı mübarizə aparmaq olmaz. O, nazirlərinə təqribən aylıq 100 min dollar əməkhaqqı verir. Hələ 2011-ci ildə Sinqapurda nazirlərin əməkhaqqı 36 faiz azaldıldı, o azalmadan sonra 100 min dollar əməkhaqqı alırlar. O zaman insanlar şoka düşmüşdülər ki, bu qədər aylıq maaş olar? Li Kuan Yu demişdi ki, nazirlərə normal yaşayışını təmin etmək üçün bu qədər pul verilməsə, onlar ayda 10 milyon oğurlayacaqlar. Demirəm ki, Azərbaycanda nazirlərə 100 min dollar vermək lazımdır. Ancaq ən azı 10 min dollar vermək lazımdır ki, sonra ondan oğurlamamağı tələb edəsən.

Buna görə də Azərbaycanda mütləq məmurların əməkhaqqına baxılmalıdır. Nə qədər nəzarətedici orqan yaradırsansa yarat, bunsuz mümkün deyil. Nəzarətedici orqanlar işləmələrin görüntüsü yaratmaq üçün ola bilər ki, bir-iki nəfəri tutub məsuliyyətə cəlb edəcəklər. Amma onlar da özləri şərait yaratmalıdırlar ki, kimsə oğurlasın ki, onlara da versinlər. Çünki onların da aldığı əməkhaqqı layiqli həyat şəraitlərini təmin etmir. Bu səbəbdən Azərbaycanda hazırda məmur ixtisarına getmək lazımdır. Hökumətdə müəyyən dəyişikliklər olub, əlbəttə, bu dəyişikliklərin miqyasını bir qədər genişləndirmək də olardı. Hər halda bu, prezidentin öz səlahiyyətində olan məsələdir. Qarşıdakı 7 il ərzində də kadr dəyişiklikləri davam etməlidir. Önəmli olan məsələlərdən biri də islahatların həyata keçirilməsidir. Kadrlar bir-birini əvəzləyiblər, amma islahatlar keçirilməlidir. İqtisadiyyat, vergilər naziri, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi kim olursa olsun, əgər iqtisadi islahatların dərinləşdirilməsi ilə bağlı ümumi siyasi qərar olmasa, onlar heç nə edə bilməzlər. O kadrların o zaman əhəmiyyəti artır ki, onlara islahatları dərinləşdirmək tapşırılır və onlar bu islahatları həyata keçirir, yaxud həyata keçirə bilmirlər. O zaman həmin kadrların bacarığı ortaya çıxır.

Düşünürəm ki, Azərbaycanda iqtisadi, o cümlədən siyasi islahatlar davam etdirilməlidir. Biz prezident seçkilərində müxtəlif məsələlər qaldırmışdıq və prezident də həmin məsələlərin nəzərə alınacağını bildirmişdi. Həmin məsələlərin bəziləri artıq nəzərə alınıb. Məsələn, prezident seçkilərində hərbi vəziyyət zamanı siyasi partiyaların fəaliyyətinin dayandırılması məsələsini qaldırmışdım, dünən parlamentdə bu barədə qanun qəbul olundu. Şəhid ailələrinə çatacaq vəsaitin verilməsi barədə də qərar qəbul edildi. Bütün bunlar onu göstərir ki, prezident doğurdanda dediyi sözün arxasındadır və gerçəkləşdirilməsi mümkün olan təkliflər həyata keçirilir. Amma islahatların daha da dərinləşdirilməsinə ehtiyac var. İslahatçı insanların özü də hakimiyyətə cəlb olunmalıdır. Düzdür, hakimiyyət üçün insanların sədaqət prinsipi önəmlidir. Amma ən önəmlisi odur ki, Azərbaycana bu gün mütərəqqi, innovativ və islahatçı kadrlar lazımdır. Ümid edək ki, bu addımlar da atılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...