Azərbaycanlı diplomat BMT-də Edvard Nalbandyanın çıxışına cavab verib

Azərbaycanlı diplomat BMT-də Edvard Nalbandyanın çıxışına cavab verib

Azərbaycanın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi Yalçın Rəfiyev Ermənistan xarici işlər naziri Edvard Nalbandiyanın Yüksək Səviyyəli Seqmentdə çıxışına qarşı cavab hüququndan istifadə edib.

XİN-dən APA-ya verilən məlumata görə, BMT İnsan Haqları Şurasının iclasında çıxış edən diplomat bildirib ki, Ermənistanın xarici işlər naziri dünənki çıxışının əksər hissəsini öz ölkəsi əvəzinə Azərbaycana həsr edib: “Buradan belə bir qənaətə gəlmək mümkündür ki, Ermənistan naziri öz ölkəsində insan hüquqlarının təşviqi və qorunması sahəsində şura ilə bölüşməyə dəyər bir yenilik tapa bilməyib. Bunun əvəzinə o, çıxışını Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı təkzibolunmaz dəlilləri inkar etməyə, Xocalıda törədilmiş insanlıq əleyhinə cinayətləri təkzib etməyə və Azərbaycanın müstəqillik qazanmasından əvvəlki dövrdə baş verən faciəvi hadisələrlə bağlı yersiz ittihamlarla mənim ölkəmə hücum etməyə həsr edib. Ölçüyəgəlməz sayda mövcud olan təkzibolunmaz dəlillər sübut edir ki, Ermənistan Azərbaycana qarşı müharibəni başladıb, Azərbaycana hücum etməklə Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar daxil olmaqla onun ərazilərini işğal edib, kütləvi surətdə etnik təmizləmə həyata keçirmiş və işğal olunmuş ərazilərdə etnik separatçı qurum yaradıb. Müharibənin gedişində Ermənistanın hərbi rəhbərliyi tərəfindən mülki Azərbaycan əhalisinə qarşı ən qəddar beynəlxalq cinayətlər törədilib”.

Diplomat çıxışında Xocalı faciəsinə də toxunub: Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Xocalıda törədilən soyqırımda şəxsən iştirak edərək vəhşilikləri törədən qüvvələrə komandanlıq edib. Bu məqamda prezident Sarkisyanın 2003-cü ildə Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala müsahibəsini xatırlatmaq istərdim. Müsahibədə Sarkisyan Xocalı soyqırımını belə xatırlayıb: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”. Bu cümlələrlə Ermənistan prezidenti əslində Azərbaycan tərəfinin müharibə şəraitində olsa belə beynəlxalq humanitar hüquq çərçivəsində qarşı tərəfdən sadəlövh gözləntilərini və sonradan bu gözləntilərdə necə yanıla bildiyini çox gözəl təsvir edib. Ermənistan naziri çıxışında həmçinin BMT qurumlarının Dağlıq Qarabağ bölgəsində insan hüquqlarının vəziyyətini qiymətləndirmək üçün əraziyə səfər etməsinin zəruri olduğunu ifadə edib. Bu xüsusda, Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdim ki, məhz onun ölkəsi tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüquqları kobud şəkildə pozulmuş əhalisinin 1 nəfər belə nümayəndəsi hazırda həmin ərazidə yaşamır. Onlar məcburi köçkün qismində Azərbaycanın işğal altında olmayan digər şəhərlərində yaşayır. Əgər BMT qurumları Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar insan hüquqları pozuntularını qiymətləndirmək niyyətində olsalar onlar Azərbaycanın məcburi köçkünlərinin vəziyyətini öyrənmək üçün Azərbaycana gələ bilərlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...