“Mehriban xanım cənab prezidentə bir nömrəli dayaqdır” - Siyavuş Novruzov
Fevralın 21-də Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezident təyin olunmasının 1 ili tamam olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının birinci vitse-prezident təyin edilib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a Mehriban Əliyevanın birinci vitse-prezident postundakı fəaliyyətinən danışıb.
S.Novruzov bildirib ki, Mehriban Əliyavanın birinci vitse-prezident təyin edilməsi Azərbaycanın çox böyük uğurudur.
“Çünki Mehriban xanım birinci vitse-prezident təyin olunmazdan əvvəl Azərbaycanın ictimai –siyasi, mədəni, sosial həyatında çox önəmli və mühüm rol oynayan bir siyasi xadimdir. Həmçinin, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan, Azərbaycan həqiqətlərini bütün dünyada tanıdan, Azərbaycan mədəniyyətin, incəsənətin və ölkəmizin ən əsas problemi olan Dağlıq Qarabağ problemini, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdıran bir siyasətçidir. Mehriban xanım həmin addımları indiyə qədər də atır. Öz dövlətinin, xalqının, millətinin rifahı üçün hansı addımlar lazımdı, o addımlar Mehriban xanım tərəfindən atılıb.
Mehriban xanımın humanist addımları da çox geniş və şaxəlidir. Azərbaycanda ən böyük amnistiya aktı məhz Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Nə qədər ürək, əsəb, həmçinin digər problemi olan uşaqların məsələsi həll edilib. Onların müalicəsi üçün bütün addımlar atılıb. Həmçinin, Heydər Əliyev Fondu vasitəsilə Azərbaycanda bir çox xəstəxanalar, məktəblər və uşaq bağçaları tikilərək, insanların istifadəsinə verilib”.
Siyavuş Novruzov xatırladıb ki, Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqdan sonra ilk görüşünü məhz qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı olan müşavirəyə həsr edib.
“Bunun da bariz nümunəsi göz qarşısındadır ki, qəzalı vəziyyətlərdə olan binalarda yaşayan qaçqınların və məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar kifayət qədər lazımlı addımlar atılıb. Mehriban xanım həmçinin Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavinidir. Partiyanın güclənməsində, inkişafında xüsusilə, gənclərin, qadınların partiyaya üz tutmasında Mehriban xanımın rolu çox böyükdür. Mehriban xanım cənab prezident İlham Əliyevə bir nömrəli dayaqdır.
Ona gələcək fəaliyyətində uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Tam əminliklə deyə bilərik ki, Mehriban xanım bundan sonra da Azərbaycan xalqının taleyüklü məsələlərində əhəmiyyətli rol oynayacaq və bu işlərin həyata keçməsində Azərbaycan maraqlarını sona qədər müdafiə edəcək”.
826 dəfə oxundu