Poroşenko Azərbaycan diplomatını mükafatlandırdı
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ukraynanın yüksək dövlət ordeninə layiq görülüb. Trend-in məlumatına görə, Ukrayna prezidenti Petro Poroşenkonun sərəncamına əsasən Ukraynada aqrar islahatların inkişafında yüksək xidmətləri olan bir qrup şəxs "Dövlətə xidmət ordeni" ilə təltif olunub.
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Sumı vilayətində həyata keçirilən aqrar islahatların və aqrosənaye komplekslərinin inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Dövlətə xidmət ordeni"nə layiq görülüb.
Prezidentin sərancamında qeyd olunub ki, Sumı vilayətində aqrar sektorun inkişafındakı səmərəli fəaliyyətinə görə Əfqan Fəqan oğlu Salmanov 3-cü dərəcəli "Dövlətə xidmət ordeni" ilə təltif edilsin.
Qeyd edək ki, 1992-ci ildən Ukraynada yaşayan Ə.Salmanov Sumı vilayətində nümunəvi aqrosənaye kompleksi yaradaraq, bölgədə aqrar islahatların həyata keçirilməsinə səmərəli töhfələr verib. O, Ukrayna Beynəlxalq Reytinq Akademiyası Ali Şurasının qərarına əsasən 2010-cu ildə Sumı vilayəti, 2013-cü ildə isə Ukrayna üzrə "Nüfuzlu aqrar işçisi - İlin adamı” nominasiyasına layiq görülüb. Bölgənin sosial-iqtisadi inkişafında yaxından iştirak edən həmyerlimiz 5-ci və 6-cı çağırış Sumı Vilayət Şurasının deputatı seçilib.
Xatırladaq ki, Azərbaycanla Ukrayna arasındakı iqtisadi, mədəni, elmi, texniki əlaqələrin inkişafında səmərəli xidmətləri olan Ə.Salmanov 2014-cü ildə prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu təyin olunub.
809 dəfə oxundu