AKP millət vəkili: “Türkiyədə çevriliş cəhdi baş tutsaydı, Azərbaycan da bundan ziyan çəkəcəkdi”

AKP millət vəkili: “Türkiyədə çevriliş cəhdi baş tutsaydı, Azərbaycan da bundan ziyan çəkəcəkdi”


Türkiyənin Yerli Düşüncə Dərnəyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıda “Türk Filmləri Həftəsi” ilə əlaqədar tədbir keçirib.

APA-nın məlumatına görə, tədbir çərçivəsində Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı hazırlanmış sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, iyulun 15-də türk xalqının üzləşdiyi olay tarixdə rast gəlinməyən böyük xəyanətdir: “Türk xalqı həmişə olduğu kimi, bu dəfə də xəyanətin qarşısını aldı. Xalq Türkiyə prezidentinin çağırışı ilə meydanlara, küçələrə çıxdı, xainləri şəhidlərin yumruğu ilə əzdi. Türk milləti böyük bir millətdir, xainliklə yox etmək, bölmək mümkün deyil. Türkiyəyə qarşı çıxanlar həmişə türk xalqının dəmir yumruğu ilə əziləcək. Ən azı Azərbaycan xalqını da əlavə etsək, 100 milyondan çox insanın ürəyi türk milləti ilə atdı. Türkiyə və Azərbaycan xalqı ətlə dırnaq kimi bir-birindən ayrılmayacaq qardaş xalqlardır. Biz bir millət, iki dövlətik. Azərbaycan xalqı prezident İlham Əliyev başda olmaqla, 15 iyulda Türkiyənin yanında olduğunu nümayiş etdirdi”.

Yerli Düşüncə Dərnəyinin sədri, AKP Ordu millət vəkili Mətin Gündoğdu qeyd edib ki, “Türk Filmləri Həftəsi” çərçivəsində Türkiyədə 15 iyulda nələrin baş verdiyini bir daha nəzərə çatdırmaq istəyiblər: “Mən tədbirlə əlaqədar Türkiyənin Azərbaycandakı səfiri ilə danışanda bildirildi ki, Bakıda 15 iyul şəhidinin azərbaycanlı həyat yoldaşı var. Nigar xanımın həyat yoldaşı Mahmud Çoşqunsu 15 iyulda İstanbulda, körpüdə şəhid olub. 15 iyul bir işğal cəhdi idi. 244 şəhid və 2126 qazi ilə bu cəhdin qarşısı alındı. Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi baş tutsaydı, Azərbaycan da bundan ziyan çəkəcəkdi. Eyni zamanda qonşu dövlətlər, İran, Suriya da bundan daha çox ziyan çəkəcəkdi”.

M. Gündoğdu deyib ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) 40 ildir ki, təşkilatlanıb: “FETÖ olduğu bütün coğrafiyalarda, ölkələrdə, Qazaxıstanda, Qırğızıstanda, Azərbaycanda, Afrikada bu cür çevriliş cəhdləri edə bilər”.

Türkiyə prezidentinin baş məsləhətçisi, sabiq mədəniyyət naziri Yalçın Topçu filmlərin xalqların bir-birini tanıması üçün mühüm vasitə olduğunu vurğulayıb: “Mən mədəniyyət naziri olan zaman qardaş xalqların filmlər vasitəsilə bir-birini yaxından tanımasına çalışdım. Bu çərçivədə də müxtəlif ölkələrdə “Türk Filmləri Həftəsi” təşkil edilməyə başladı”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, əməkdar artist, müğənni Azərin çıxışlarında Azərbaycan və Türkiyə qardaşlığının daimi olduğunu vurğulayıblar. Dünya Azərbaycanlıları Konqresinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycan xalqının milli azadlıq hərəkatından, 20 Yanvar faciəsindən danışıb, 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınmasının böyük qəhrəmanlıq olduğunu vurğulayıb: “Mədəniyyət bütün silahlardan daha güclüdür, xalqlar arasında mədəni əlaqələrin inkişafı mühümdür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1020 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...