Mahmud Məmmədquliyev: "Aİ-nin də öz təklifləri olacaq"
Avropa İttifaqı Şurasının Avropa Komissiyasına və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə mandat verməsi ilə əlaqədar Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqlar başlayacaq.
GUNDEMİNFO.AZ bildirir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. Nazir müavini deyib ki, yeni danışıqlara dair görüşlərin keçirilməsi barədə hələlik dəqiq məlumat yoxdur: "Mandat dünən verilib. Hələlik nəsə demək çətindir. Əsas odur, mandat verilib. Çalışacağıq ki, danışıqlar tez bir zamanda olsun".
Nazir müavini danışıqların nə qədər çəkəcəyinin deyil, keyfiyyətin vacib olduğunu bildirib. O, həmçinin Azərbaycanın təklif etdiyi sənədlə bağlı Aİ tərəfində ciddi əks münasibətin olmadığını hesab edir: "Mən belə başa düşürəm ki, mandat təsdiqlənibsə, deməli, sənədə qarşı ciddi əks münasibət olmayıb. Razılıq olmasaydı, mandat verilməyəcəkdi. Deməli, onlar bu sənədi qəbul edirlər. Təbii ki, Aİ-nin də öz təklifləri olacaq. Bizim tərəfdən də danışıqlar zamanı yeni təkliflər ola bilər".
Qeyd edək ki, ötən ilin mayında Riqada keçirilən Şərq Tərəfdaşlığı sammitində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Aİ ilə yeni əməkdaşlıq üçün layihə təqdim edib. Bu istiqamətdə danışıqlara başlamaq üçün ötən gün Avropa İttifaqı Şurası Avropa Komissiyasına və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
742 dəfə oxundu