“İşğal edilmiş torpaqlarda elə bir hərbi hədəf yoxdur ki, onu məhv edə bilməyək”

“İşğal edilmiş torpaqlarda elə bir hərbi hədəf yoxdur ki, onu məhv edə bilməyək”


Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.

APA-nın xəbərinə görə, dövlət başçısı hərbçilərlə görüşüb və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib.

Prezident aprel ayında baş verən hadisələrə toxunub: “Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törədib. Qəhrəman Azərbaycan ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab verib. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurulub və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilib. Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilib. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir. Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlayıb. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərib. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olub. Mən hərbi hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar”.

Dövlət başçısı aprel döyüşlərini şanlı qələbə adlandırıb: “Azərbaycan ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan ordusu yenilməz ordudur, istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan ordusunun çox yüksək yeri var. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır, ordumuzda nizam-intizam hökm sürür, maddi-texniki təminatı ən yüksək səviyyədədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...