Oqtay Əsədov: “Zahid Oruc, bir hövsələn olsun"
“Mənim aləmimdə ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini və milli böhranı ortaya çıxarıb. İkincisi, seçkilər ABŞ vətəndaşlarının pulunu Əfqanıstan və Yaxın Şərqdə, digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxarıb. Bundan əlavə Ağ ev ətrafında əksəriyyəti Klintonun çevrəsində qərarlaşmış lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin və onların qurduqları korrupsiya sistemi dağılmış olub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.
“Ərəb şeyxlərindən tutmuş, ayrı-ayrı ticarət mərkəzlərindən alınan vəsaitlər seçki kampaniyasına yönəldilməkdə idi. Bu da oradakı seçki sisteminə qədər korrupsiyanın olduğunu sübut etmiş olub. Bütün bunlar bizim rəyimiz deyil, bunlarla bağlı yetərincə faktlar mövcuddur. Demokratiya adı altında ayır-ayrı ölkələrin məhvinə səbəb olan siyasətə xalq öz reaksiyasını bildirmiş oldu. ABŞ vətəndaşının problemini kənara qoyub, müxtəlif ölkələrdə siyasət quranlar və onlara necə yaşamağı diktə edənlər, liberal demokratiyanı ixrac edənlər qarşılarında çox ağır nəticə gördülər. Ona görə də hesab edirəm ki, bu, Türkiyə-Ermənistan sərhədini açmaq adı ilə Azərbaycan millətinin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyən böyük siyasəti reallaşdırmağa çalışanların məğlubiyyəti oldu. Hörmətli Oqtay müəllim, bu mənim fikrimdir, bir deputat kimi siyasi mövqeyimdir. Xahiş edirəm bunu hörmətlə qarşılayın”, - deyə Z. Oruc bildirib.
Spiker Oqtay Əsədovun cavabı isə belə olub: “Zahid Oruc, bir hövsələn olsun, əvvəldən niyə elə narahat olmanı ifadə edirsən? Mən sənə nə deyirəm ki? Fikrini bildirmək istədin, mən də söz verdim”.
976 dəfə oxundu