Amerika dəyişir, Azərbaycanı nə gözləyir? - Bakıdan proqnoz
“Qafqazinfo” xəbər verir ki, ölkədə prezident postu uğrunda Demokratlar Partiyasından eks-dövlət katibi Hillari Klinton, Respublikaçılardan isə milyarder iş adamı Donald Tramp mübarizə aparır. Azərbaycanın millət vəkilləri Fəzail Ağamalı və Asim Mollazadə seçkidə kimin şansının yüksək olması ilə bağlı “Qafqazinfo”nun sualını cavablandırıb.
F. Ağamalı bildirib ki, bu seçki Amerika tarixinə ən qalmaqallı seçki kimi düşəcək, çünki hər iki namizəd bir-birinə qarşı olduqca kəskin radikal mövqe nümayiş etdirir: “Seçkilərdən sonra da bu qalmaqalların davam etməsi gözlənilir. Mənə elə gəlir ki, Hillari Klintonun prezident seçilmək şansı daha yüksəkdir. Amerika kimi oturuşmuş bir dövlətdə hakimiyyətin birinci pilləsinə Tramp kimi adamın gəlməsinə imkan verilməyəcək. Tramp daha emosional və fərqli bir düşüncə sahibi olan adamdır. Hillari Klinton isə təcrübəli bir siyasətçidir. Həyat yoldaşının prezident seçilməsində də ciddi rolu olub və Dövlət Departamentin rəhbərlik edib. Hesab edirəm ki, Amerikanın xaricdə nüfuzuna xələl gətirən məsələlərdən tədricən imtina olunacaq”.
Onun sözlərinə görə, Amerikanın Cənubi Qafqazda ciddi maraqları var: “Bu yeni prezident səviyyəsində də özünü göstərəcək. Rusiyaya güzəştlər olmayacaq. Klintonun Rusiyaya çox radikal yanaşması göstərir ki, o prezident seçilərsə iki dövlət arasında münasibətlər son dərəcə kəskinləşəcək. Belə vəziyyət Qarabağ probleminin həllinə də təsir göstərə bilər. Beləliklə də, Minsk qrupu daha ciddi bir böhran mərhələsinə qədəm qoyacaq və onun buraxılması məsələsi də gündəmə gələ bilər. Rusiya- Amerika münasibətlərinin kəskinləşməsi bizə də öz mənfi təsirini göstərə bilər”.
Asim Mollazadə isə Klintonun üstünlüyünün çox cüzi olduğunu diqqətə çatdırıb: “Amerikanın bir sıra araşdırma mərkəzlərinin fikrincə isə seçicilər səsi xanım Klintona verəcəklər. Bununla belə, Amerikada prezidentin kim seçilməsi Azərbaycan üçün çox da önəmli deyil. Biz əminik ki, prezidentin kim olmağından asılı olmayaraq Azərbaycanın önəmini anlayan Amerika prezidenti iki ölkə arasında əməkdaşlığı daha da gücləndirməyə çalışacaq. Bu da bir sıra amillərlə bağlıdır. İlk növbədə, təhlükəsizliklə bağlıdır.
Azərbaycan antiterror koalisiyasının çox mühüm bir üzvüdür. Bundan əlavə, Amerika Silahlı Qüvvələrinə Azərbaycan əsgərləri Əfqanıstanda gedən döyüşlərdə çox böyük lojistik dəstək verir. Bu istiqamətdə “İpək yolu” strategiyasını çox mühüm hesab edirəm. Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün çox mühüm işlər görür. Amerika da bu layihələri dəstəkləyir. Azərbaycan uzun illər sivilizasiyaların, müxtəlif etnik qrupların birgə yaşadığı bir dövlət olub, Amerika da bunu müsbət qarşılayıb, onlar üçün bu məsələ də mühüm əhəmiyyət kəsb edir” .
949 dəfə oxundu