Elnur Aslanovun adamına vəzifə verildi FOTOLAR
Bir neçə gün əvvəl Azərbaycanın Ukraynadakı səfirliyində kadr təyinatı olub. “Qafqazinfo” xəbər verir ki, səfir Azər Xudiyevin əmri ilə Anar Tahirov səfirliyin ictimaiyyətlə əlaqələr üzrə katibi təyin edilib.
A.Tahirov oxuculara “nurçular”la bağlı məsələlər medianın gündəmində olan dövrdən tanışdır. Əvvəllər AzTV-nin Ukraynadakı operatoru kimi fəaliyyət göstərən A. Tahirov sonradan “Ukrayna azərbaycanlı gənclər birliyi” təsis edib. Lakin sonradan bəlli oldu ki, bu qurum nurçu ideologiyasına qulluq edir və Azərbaycandakı nurçulardan dəstək və göstərişlər alır.
2014-cü ildə yayılan xəbərlərdə bildirilirdi ki, bu ictimai təşkilat məhz Elnur Aslanovun patronajlığı ilə fəaliyyət göstərir. Hətta bu təşkilatın keçirdiyi toplantılarda o zaman Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla bərabər Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Ceyhun Osmanov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, ASAİF-in sədri Ramin Hakimov, “İrəli” ictimai gənclər təşkilatının sədri Rauf Mərdiyev, Dağlıq Qarabağın Azərbaycan icmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərovun dəfələrlə iştirak etdiyi vurğulanırdı.
Onu da qeyd edək ki, A. Xudiyev bu ilin iyununda Ukraynaya səfir təyin edilib.
910 dəfə oxundu