Pentaqon rəhbəri: “Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməsini istəyirik”
Bu gün Türkiyədə səfərdə olan ABŞ müdafiə naziri Eşton Karter Ankaranın Suriya və İraqdakı proseslərlə maraqlanmasının məqbul olduğunu bəyan edib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, E. Karter Fikri İşıqla görüşdə Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusunun İŞİD terror təşkilatının xüsusi önəm verdiyi Dabık qəsəbəsini azad etməsi münasibəti ilə Türkiyəni təbrik edib.
E. Karter bildirib ki, Türkiyə Suriya və İraqdan gələn milyonlarla qaçqını qəbul edib və bu sahədə böyük bir yükü üzərinə götürüb: “Türkiyənin İraq və Suriyadakı proseslərlə maraqlanması məqbuldur. Türkiyənin sərhədlərinin təhlükəsizliyini qorumaq üçün həyata keçirdiyi tədbirləri dəstəkləyirik və İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda iştirak etməsini istəyirik. Türkiyə ilə bəzən fikir ayrılıqlarımız olsa da, prinsiplərdə daim həmfikirik. Terrorizmin hər cür təzahürünə qarşı çıxmaq da bu prinsiplər sırasındadır. Eyni məqsədlərə necə nail ola biləcəyimiz üsullarla bağlı fərqli yanaşmalarımız ola bilər, ancaq iki yaxın müttəfiq olaraq hər məsələ üzərində çalışaraq bunu həll edə bilərik”.
Hərbi çevrilişə cəhd zamanı bombalanmış Türkiyə Böyük Millət Məclisini ziyarət edə E. Karter jurnalistlərə açıqlamasında deyib ki, Türkiyədə insanlar demokratiya və azadlıq üçün savaşıblar: “Dünya bu qorxunc olayın qəhrəmanlarını görüb. Bu aspektdə Türkiyənin güclü müttəfiqi olmağa, demokratiyaya dəstək verməyə davam edəcəyik”.
767 dəfə oxundu