Prezident: `Avrasiya Birliyinə qoşulmağımız istisna deyil`
“Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə daxil olmaq imkanlarını istisna etmək olmaz”. AzVision.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində deyib.
“Hələlik ölkə indiki statusda özünü inamlı hiss edir. Bu mövzuda söhbətlər həm ekspertlər arasında, həm də müxtəlif ölkələrin elitaları arasında çoxdan gedir. Prinsipcə, biz hazırda olduğumuz keyfiyyətdə özümüzü kifayət qədər inamlı hiss edirik və biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni məni bu cür xarakterizə edərdim.
Avrasiya məkanındakı prosesləri maraqla izləyirik, o proseslərlə bağlı mürəkkəbliklər və müəyyən iradlar da mövcuddur. Bu gün bizim Avrasiya İqtisadi Birliyinin üzvləri ilə iqtisadi əməkdaşlıq formatımız, eləcə də siyasi əməkdaşlığımız, kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün əlbəttə, motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və istənilən digər istiqamət üzrə ola bilər. Hazırda biz bu istiqamətdə çalışırıq”- deyə prezident əlavə edib.
“Azərbaycan öz dostlar və qonşuları tərəfindən reallaşdırılan layihələri tam dəstəkləyir” - deyən ölkə başçısı vurğulayıb ki, bu layihə regionda əməkdaşlığı və təhlükəsizliyi gücləndirir: “Bu cür layihələr regionda əməkdaşlıq və təhlükəsizliyi gücləndirir, ölkələrə öz iqtisadi və enerji maraqlarının təmin olunmasında yardım edir. Buna görə, biz “Türk axını”nı hər zaman dəstəkləmişik. Bu günlərdə mənim də iştirak etdiyim Ümumdünya Enerji Konqresi çərçivəsində Türkiyə və Rusiya bu layihənin bərpasına dəlalət edən sənədi imzaladılar və mən buna görə türk və rus həmkarlarımı təbrik edirəm”.
İlham Əliyev, həmçinin bildirib ki, son 13 ildə Azərbaycanda Ümumi Daxili Məhsulun həcmi 3 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faiz səviyyəsindən 5 faizə enib: “Artıq yoxsulluq sosial bir problem kimi yoxdur. İşsizlik də onun kimi 5 faizdir. Bizim böyük valyuta ehtiyatlarımız var, hətta neftin qiymətinin aşağı düşdüyü bu ildə də Neft Fondunun ehtiyatları artır, ona görə ki, biz qənaətlə xərcləyirik və qeyri-neft sektorundan gəlir əldə edirik. Ona görə də, bizi həm iqtisadi, həm də siyasi vəziyyətimiz qane edir”.
"Heç bir regional enerji layihəsi TANAP-la rəqabət apara bilməz. "TANAP "Cənub Qaz Dəhlizi" kimi iri layihənin bir hissəsidir. Öz növbəsində "Cənub Qaz Dəhlizi" layihəsi dörd komponentdən ibarətdir. Söhbət dünyanın ən iri qaz yataqlarından biri olan "Şahdəniz" layihəsinin işlənməsindən, "Cənubi Qafqaz" boru kəmərinin tikintisindən və onun genişləndirilməsindən, ardınca isə TANAP və TAP layihələrinin tikintisindən gedir. Bütün bu komponentlər öz özlüyündə vacibdir. Bu layihənin ilk mərhələsində qaz satışı ilə bağlı müqavilələr imzalanıb və satışlar həyata keçirilib. Biz hasilatın artırılması ilə bağlı müqavilələr imzalamışıq və bu proses 2018-ci ildən etibarən baş tutacaq, 2020-2021-ci illərdə isə hasilat pik həddə çatacaq. Bu baxımdan digər regional enerji layihələri obyektiv səbəblərdən TANAP-la rəqabət apara bilməz", - deyə ölkə başçısı qeyd edib.
790 dəfə oxundu