"İlham Əliyev ən çətin günlərdə yanımızda olub" - Çavuşoğlu
“Türkiyədə 15 iyul çevriliş cəhdinin arxasında FETÖ-nün olduğuna dair minlərlə sənəd var”. AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyasında çıxışı zamanı deyib.
XİN rəhbəri bildirib ki, Fətullah Gülən bundan öncə də çevriliş cəhdlərinin arxasında dayanıb: “Biz açıq danışırıq, prezidentimiz də açıq danışır. Siz bundan narahat olursunuz. Çevriliş cəhdinin arxasında FETÖ-nün olduğuna dair minlərlə sənəd var. Gülən daha əvvəl başqa çevrilişlərin arxasında dayanıb. Terrora silah daşıyan, terrorla arasına məsafə qoymayan millət vəkillərinin toxunulmazlıqlarının ləğvi ilə bağlı hüquqi proses başlayıb. Bunu demokratiyaya zidd hesab edirsiniz, amma biz demokratiya savaşı veririk. Əgər onlar cəzalanmasa, bizim, terrora dəstək verənlərlə nə fərqimiz olar?”.
Çavuşoğlu, həmçinin təşkilatın Türkiyəyə necə kömək edə biləcəyi ilə bağlı sualı cavablandırıb: “Mən ölkəmin ağır günündə ilk andan yanımızda olduğu üçün Azərbaycanın prezidenti başda olmaqla, bütün Azərbaycan xalqına təşəkkür edirəm. Bu prosesdə həqiqətən qardaş Azərbaycanın dəstəyini yanımızda hiss etmişik. Türkiyədə demokratiya naminə və hərbi çevrilişə qarşı mitinqlər zamanı Azərbaycan Türkiyəni dəstəkləyərək bu cür yürüşlər keçirib. Əlbəttə, belə prosesdə dostları yanımızda görmək istəyirik. Biz konstruktiv ideya və təkliflər gözləyirik. İkili standartlardan, gizli məqsədlərdən imtina etmək lazımdır. Avropa Şurası ölkələrindən olan bir çox deputatlar məhz belə mövqe tutur.
Onu deyim ki, Avropa Şurasının baş katibi, Nazirlər Komitəsi, AŞPA-nın bir çox üzvləri bu baxımdan düzgün yol tutub. Bizim istədiyimiz odur ki, aramızda daha çox dialoq və müzakirələr olsun”
731 dəfə oxundu