Saakaşvili son qərarını verir - mandatdan imtina və boykot
“Mən partiya siyahısında 26-cı yerdəyəm. Ən son məlumata görə, parlamentə düşmüşəm. Ola bilsin ki, bizim partiyadan daha iki-üç şəxs parlamentə daxil olsun. Çünki digər müxalifət partiyası lazımı qədər səs toplamayıb. Düz 3 gündür ki, Vətənpərvərlər Alyansını parlamentə daxil etməyin üzərində düşünürlər. Əgər bu partiya parlamentə düşə bilməsə, onların səs faizləri iki partiya arasında bölünəcək. Məndə olan qeyri-rəsmi xəbərə görə, özüm dördüncü azərbaycanlı millət vəkili olaraq parlamentə düşmüşəm”.
GUNDEMİNFO.AZ yazır ki, bu sözləri Teleqraf.com-a Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı funksioneri Azər Süleymanov deyib.
A.Süleymanov bildirib ki, bu gün axşam saatlarında Vahid Milli Hərəkat Partiyası Siyasi Şurasının toplantısı keçiriləcək: “Mən də Siyasi Şuranın üzvüyəm. Hazırda bir neçə təklif var. Birincisi parlamentdən imtina etmək, habelə seçkilərin II turunu boykot etmək. İkincisi, parlamentə getmək və II tur seçkilərinə qatılmaq. Bu barədə fərdi qaydada qərar verə bilmərik. Siyasi Şura bu haqda müzakirə aparacaq və qərarını verəcək. Eyni zamanda Mixail Saakaşvili canlı olaraq müzakirələrə qatılacaq”.
Azər Süleymanov deyib ki, əgər Vahid Milli Hərəkat Partiyası parlamentdən imtina etsə və II tur seçkilərə qatılmasa, bu zaman xüsusi bir dəyişiklik baş verməyəcək: “O mənada kı “Gürcü Arzusu” konstitusion çoxluğu əldə edib. Biz imtina edəcəyiksə, bu zaman Gürcüstanda 1970-ci illərdə olduğu kimi təkpartiyalı hakimiyyət və parlament olacaq”.
Müsahibimiz deyib ki, ötən gün partiya qərargahında olub və Mixail Saakaşvilinin çıxışına diqqət edib: “Biz hamımız orada idik. Ancaq Saakaşvili bizim liderimiz olmaqla yanaşı, başqa ölkənin vətəndaşıdır. Saakaşvilinin fikirləri bəyənildi, lakin qərarı Siyasi Şura verəcək. Saakaşvili açıq şəkildə parlamentə getməkdən imtina etmək və II tur seçkilərinə qatılmamaq ideyasını dəstəkləyir. Məncə, bu gün keçiriləcək toplantıda son qərar veriləcək”.
Azər Süleymanov özü parlamentə gedib-getməməklə bağlı şəxsi mövqeyini açıqlamaqdan çəkinib: “Mən parlamentə seçilməsəydim, qərarımı deyərdim. İndi seçilmişəm. Desəm ki, parlamentə getmək lazımdır, bu zaman düşünəcəklər ki, özüm seçildiyim üçün belə deyirəm. Ancaq hər halda hesab edirəm ki, 30 deputatımız var, üstəlik majoritar seçkilərə qatılmaq, II turda aktiv olmaq lazımdır. Dünyaya da göstərmək lazımdır ki, seçkilər necə saxtalaşdırılıb. Mən son 25 ildə belə seçki görməmişdim. 90-cı illərdə olduğu kimi axşam saatlarında elektrik enerjisini kəsməyə, topa bülletenləri qutuya atmağa getdilər. Biz uduzduq və bunu etiraf etməliyik. Ancaq biz çoxlu sayda insana söz vermişik. Tərəfdarlarımız, aktiv olan insanlarımız var. Parlamentə getməklə onları da sığortalamaq lazımdır ki, bizə görə belə insanlara təzyiqlər olmasın. Həm də parlamentdə müxalifət olmalıdır ki, həqiqətləri desin, cəmiyyəti məlumatlandırsın”.
828 dəfə oxundu