Azərbaycanda avtomobillərin ehtiyat hissələri kəskin bahalaşıb

Azərbaycanda avtomobillərin ehtiyat hissələri kəskin bahalaşıb


Son bir neçə ayda Azərbaycanda avtomobillərin ehtiyat hissələri 60%-ə kimi bahalaşıb. Bu barədə Fins.az-a avtomobil ekspertləri və ehtiyat hissələri satıcıları bildirib. Ekspertlərin sözlərinə görə, may ayından avqust ayına kimi ehtiyat hissələri 40%, sentyabr ayında isə 20% bahalaşıb.

Dolların bahalaşması ehtiyat hissələrini də bahalaşdırıb

Avtomobillərin və ehtiyat hissələrinin satışı ilə məşğul olan Aley Şamilov bildirib ki, bunun bir neçə səbəbi var. Birincisi, may ayından etibarən son bir neçə ayda dollar xeyli bahalaşıb. Bu da ölkəyə gətirilən ehtiyat hissələrinin qiymətlərinə xeyli təsir göstərib.

Məsələn, mayda dolların məzənnəsi 1,49 dollar idisə, hazırda 1,63-1,64 manat arasında dəyişir. Satıcının sözələrinə görə, sentyabr ayında dolların bahalaşması ilə yaranan ajiotaj qiymətlərin daha da artmasına təsir edib.

Gömrük xərcləri 2 dəfə artıb


A.Şamilov deyir ki, qiymətlərin artmasına təsir göstərən digər səbəb gömrük rüsumlarının iyuldan etibarən fərqli qaydada hesablanmasıdır. Belə ki, əvvəl ehtiyat hissələrinə say və ya çəkiyə görə rüsum hesablanırdısa, indi malın ehtiyat hissəsi və ya quş yemi olmasından aslı olmayaraq, dəyərinə görə rüsum hesablanır.

Nəticədə ehtiyat hissələrinin gətirilməsi xərcləri 2 dəfə artıb. A.Şamilov bildirib ki, bir neçə ay əvvəl 10 min manatlıq mala görə gömrük və yolpulu daxil olmaqla, 3000 manat əlavə xərc tələb edilirdi. İndi eyni məbləğdə ehtiyat hissəsinə görə 5 min manat rüsum, min manat yol xərci daxil olmaqla 6 min manat xərc tələb olunur.

Sürət qutusunun yağını dəyişmək 60% bahalaşıb

Satıcının sözlərinə görə, nəticədə avtomobil yağlarından iri ehtiyat hissələrinə kimi bütün detallar kəskin bahalaşıb. Məsələn, əvvəl 1999-cu il model “Mercedes C 200” avtomobilinin sürət qutusunun yağını dəyişmək usta xərci daxil 110-120 manata başa gəlirdisə, indi bunun üçün 200 manat ödəmək lazım gəlir.

Belə ki, bu yağın bir litri əvvəl 10 manat idi. İndi 17 manata kimi bahalaşıb. Avtomobilin sürət qutusu üçün 8 litr yağ lazım olduğunu nəzərə alsaq, daha ciddi fərq ortaya çıxır. Bundan əlavə filtr və ara qoruyucunun qiyməti də 2 dəfə artıb. Əvvəl iki detalı 15 manata almaq mümkün idisə, indi qiymət 30 manata kimi artıb.

Mühərrik yağını dəyişmək indi 75% baha başa gəlir

Mühərrik yağını dəyişmək isə indi 75% baha başa gəlir. A.Şamilov bildirib ki, bir neçə ay əvvələ qədər usta xərci daxil mühərrik yağını dəyişmək “Mercedes C200” modeli üçün 40 manat idi. İndi bu xərc 70 manata kimi artıb.

Bəzi ehtiyat hissələri 2 dəfəyə yaxın bahalaşıb

Bəzi ehtiyat hissələrinin qiymətləri isə daha çox artıb. Məsələn, “Mercedes C200” modelinin yan qanadı 60-70 manatdan 120-140 manata, qapısı 80 manatdan 140 manata, alın şüşələri 80 manatdan 120-130 manata kimi bahalaşıb.

Ön amartizatorların qiyməti 45-55 manatdan 90-100 manata, arxa amartizatorların qiyməti isə 85-90 manata kimi bahalaşıb. 2.0 l mühərrikli “Mercedes C200”-ün şamları 4 manatdan 7 manata kimi, 2.4 litr mühərrikli modelin şamları isə 9 manatdan 17 manata kimi bahalaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...