“İslamı terrorla eyniləşdirirlər...” - Əli Həsənov

“İslamı terrorla eyniləşdirirlər...” -


“Ermənistanın Azərbaycana hərbi təcavüzü İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradır”. Gundeminfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının konfransında çıxışı zaman deyib.

Ə.Həsənov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək qurumun yaradılması, artıq bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur: "Sevindirici haldır ki, artıq bu təşəbbüs reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik”.

PA rəsmisi qeyd edib ki, hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz: "Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır.

Təəssüflə qeyd etməliyik ki, Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər. Nəticə etibarilə maddi və mənəvi zənginliyə malik olan müsəlman ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur".

Ə.Həsənov deyib: " 20 ildən artıqdır ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib. Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı, milli, mədəni və dini abidələr, məscidlər də dağıdılmışdır. Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların qərarlarını qulaq ardına vurur, həmçinin öz haqsız mövqeyini əsaslandırmaq üçün işğalçı siyasətinə dini rəng verərək İslam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi faktorundan, Qərbin islamofob dairələrinin, aparıcı media resurslarının imkanlarından yararlanmağa çalışır və bəzi hallarda buna nail olur. Əminliklə demək olar ki, oxşar problemləri olan digər müsəlman ölkələr də mütəmadi olaraq belə hallarla rastlaşırlar. Bu faktlar islam həmrəyliyinin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...