Bakıda ləğv edilmiş marşrut xətləri bərpa olunur?
Yaxın günlərdə istiqaməti dəyişdirilmiş və ya tamamilə xəttdən çıxarılmış marşrutlar üzrə yeniliklərin tətbiqi nəzərdə tutulur
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Avropa Oyunları ərəfəsində və yarışlar keçirilən zaman avtomobil yollarında yarana biləcək sıxlığın qarşısının alınması və keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi məqsədi ilə paytaxtda bəzi marşrut xətlərinin istiqaməti dəyişdirilmiş, bir neçəsi isə tamamilə bağlanmışdı.
Artıq oyunlar başa çatdığı üçün nazirlik nəqliyyat sisteminin optimallaşdırılması prinsipi ilə bu məsələyə yenidən baxır.
Avropa Oyunları ərəfəsində “Baku Bus MMC” tərəfindən paytaxta gətirilən yeni avtobusların şəhərdaxili sərnişindaşıma məqsədi ilə istismara verilməsi planlaşdırılır. Hazırda yeni marşurutların müəyyənləşdirilməsi üçün paytaxtda eyni istiqamət üzrə hərəkət edən marşrut xətlərinin olub-olmaması məsələsi araşdırılır.
Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar iyun ayından Bakıda üç qapılı iri tutumlu avtobusların bəziləri xidmətləri yığışdırılıb, 14 saylı marşrut 24 saylı, 90 saylı avtobus 83 saylı, 86 saylı marşrut 29 saylı marşrutla əvəz olunub. 20, 188, 53 saylı avtobuslar ümumiyyətlə ləğv edilib, 120 saylı avtobusda maşınlar təzələnib, 124 sayl avtobusun hərəkət xətti 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrutun şəhərin mərkəzində hərəkət etməsinə icazə verilmir, 70 saylı avtobusun istiqaməti dəyişdirilib, 95 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb.
1932 dəfə oxundu