Eldar Nuriyev: “Bir ildə Prezident yanında Apellyasiya Şurasına 907 müraciət daxil olub”
Fəaliyyət göstərdiyi bir il ərzində Prezident yanında Apellyasiya Şurasına hüquqi və fiziki şəxslərdən 907 müraciət daxil olub. Onlardan 572 şikayət şuraların səlahiyyətinə aid olmadığından, sosial məsələlərlə, digər mübahisələrin həlli ilə bağlı olduğundan şikayətlərə baxılması qaydası müraciət müəlliflərinə izah edilməklə araşdırılıb tədbir görülməsi üçün aidiyyəti orqanlara göndərilib.
“Report”un xəbərinə görə, bu, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevin Apellyasiya şuralarının 2016-cı ildə gördüyü işlərə dair hesabatında qeyd olunub.
Apellyasiya şuralarına bu qurumların səlahiyyətinə aid 335 müraciət daxil olub. Onlardan 41 şikayət şuraların fəaliyyəti və təşkilati məsələlərin həlli ilə əlaqədar təkliflər barədə olub. 263 şikayət isə prosedur qaydalara əməl edilmədən birbaşa yuxarı apellyasiya instansiyasına verildiyindən qanunvericiliyin tələbinə uyğun olaraq baxılması üçün icra hakimiyyətlərinə, onların Apellyasiya şuralarına göndərilib.
“Şuraların səlahiyyətlərinə aid olan müraciətlər əsasən torpaq sahələri, tikinti işlərinin aparılması ilə bağlı mübahisələr, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, özəlləşdirmə, xidmətlərin göstərilməsi və digər məsələlərlə əlaqədar olub.
Müsbət haldır ki, icra hakimiyyətlərinə, onların Apellyasiya şuralarına göndərilmiş 263 şikayətdən 232-si yerlərdə obyektiv həllini tapdığından sahibkarlar tərəfindən təkrar şikayətlər verilməyib. Şuraların qərarları ilə razılaşmayan 31 sahibkar isə Prezident yanında Apellyasiya Şurasına təkrar müraciət edib. Onlardan 26 şikayətə Prezident yanında Apellyasiya Şurasında baxılıb. Nəticədə 20 qərar ləğv edilib, 6 qərar qüvvəsində saxlanılıb, 5 şikayət isə baxışa hazırlıq mərhələsindədir. Ləğv edilmiş 20 qərardan 7-si qanunun tələbinə uyğunlaşdırılıb, 13 şikayət tam, hərtərəfli, obyektiv araşdırılması, qanuni qərar qəbul edilməsi üçün yazılı göstərişlə Apellyasiya şuralarına qaytarılıb”, - deyə, E.Nuriyev əlavə edib.
O, vurğulayıb ki, dövlət başçısının sahibkarların problemlərinin həllinə qayğı ilə yanaşılması, şikayətlərinə dərhal reaksiya verilməsi, obyektiv araşdırma aparılması barədə tələblərinin yerinə yetirilməsi şikayətlərin dinamikasına müsbət təsir göstərib: “Qeyd edilən amillərin rəhbər tutulması bu təsisatın sahibkarlıq sahəsində yaranan maneələrin qarşısının alınmasında çevik, təsirli mexanizmə çevrilməsinə, iş adamlarının hüquqlarının müdafiəsinə, müsbət göstəricilərin əldə olunmasına, qanun pozuntularının sayının kəskin azalmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, fəaliyyət göstərdiyi ilk altı ay ərzində Prezident yanında Apellyasiya Şurasına 679 şikayət daxil olduğu halda, sonrakı altı ayda onların sayında ciddi azalma müşahidə edilib, üç dəfə az - 228 şikayət qeydə alınıb. Bu hallar, görülən digər tədbirlər daha çox profilaktik əhəmiyyət kəsb edib, aidiyyəti qurumlara daxil olan şikayətlərin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Nəticədə il ərzində mərkəzi icra hakimiyyətlərinin Apellyasiya şuralarının 50 faizinə, yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının isə 58 faizinə ümumiyyətlə şikayət verilməyib”.
Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına 519 şikayət daxil olub. Şuraların səlahiyyətinə aid olmayan 342 şikayətə baxılmasından imtina edilib, 144 şikayət araşdırılması üçün icraata götürülüb. Eyni zamanda, 33 şikayət əsaslı olduğundan şuraların iclasına çıxarılanadək təmin edilib. İcraata götürülmüş şikayətlərin 55,5 faizi təmin edilib, 36,8 faizi təmin edilməyib, 3,5 faizi üzrə yeni qərarlar qəbul olunub, 4,2 faizi hazırda baxılma mərhələsindədir.
“Təcrübə göstərir ki, şikayətlərin bir qismi sahibkarların əsassız tələblər irəli sürməsi, qanunsuz imtiyazlar, əlavə mənfəət əldə etməsi səbəbindən yaranıb. Bununla belə, şikayətlərin digər qismi onların icra orqanlarında tam, hərtərəfli araşdırılmaması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, əsassız qərarların qəbul olunması nəticəsində yaranıb. Qanunvericiliyin tələblərini pozmuş, şikayətlərin həllində nöqsanlara yol vermiş, səthi araşdırma aparmış 16 əməkdaş intizam məsuliyyətinə cəlb edilib”, - E.Nuriyev əlavə edib..
Ötən dövrdə onlarla iş adamından Apellyasiya şuralarına müraciətlər daxil olub. Həmin şəxslər sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya, sahibkarların hüquqlarının və qanuni mənafelərinin tutarlı müdafiəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuraları dövlət başçısı İlham Əliyevin 2016-cı il 3 fevral tarixli fərmanlarına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə təşkil edilən bu şuraların fəaliyyəti ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatların tərkib hissəsi olmaqla, sahibkarlığın inkişafına hərtərəfli dəstək vermək, iş adamlarının hüquqlarını etibarlı şəkildə qorumaq, problemlərini operativ həll etmək, şikayətlərinə baxılması mexanizmini təkmilləşdirmək, çoxpilləliliyi, aşkarlığı, şəffaflığı təmin etməklə, obyektiv və ədalətli qərarların qəbul edilməsinə nail olmaq məqsədi daşıyıb.
914 dəfə oxundu