Hərbçimizin meyitinin alınması ilə bağlı tədbirlər görülür
Ötən gün Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfdən alınması ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə müvafiq tədbirlər görülür.
Bu barədə AzVision.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Qeyd olunub ki, proseslə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Bununla yanaşı bildiririk ki, baş vermiş hadisə zamanı Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik nümayiş etdirdiyini bir daha əyani şəkildə göstərərək, döyüşdə həlak olmuş Azərbaycan hərbçisinin meyitinin fotolarını bu ölkəyə məxsus KİV-lərdə və sosial şəbəkələrdə yaymış, Azərbaycan xalqının və həlak olmuş əsgərin ünvanına təhqiramiz ifadələr işlətmişdir.
Bu hərəkətləri ilə Ermənistan tərəfi baş vermiş hadisədən yenidən öz çirkin niyyətləri üçün yararlanmağa cəhd etmiş, qeyri-humanist simasını aşkar ifadə edib. Bu addım Ermənistanın da qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır. Bildiririk ki, beynəlxalq hüquqa zidd olan bu hərəkətlərə görə, bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür.
1060 dəfə oxundu