Azərbaycan dünya turizm sektorunda ilk 20-likdə yer alacaq

Azərbaycan dünya turizm sektorunda ilk 20-likdə yer alacaq


Turizm sahəsində görülən işlər nəticəsində Azərbaycanın dünya turizm sektorunda ən çox üstünlük verilən 20 turizm məkanından biri olacağı gözlənilir.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Strateji Yol Xəritəsində qeyd edilib ki, Azərbaycan üçün Körfəz regionu və MDB ölkələri kimi kütləvi turizm mənbələri Körfəz regionu sayılır. MDB üzvü olan Orta Asiya ölkələri və digər kütləvi turizm mənbələrinin hər birindən Azərbaycana 2014-cü ildə 20000 nəfərdən az turist gəlib. Lakin bu cür tələb bazarlarından hər biri Azərbaycanda turizm sektorunun genişləndirilməsi baxımından unikal imkanlar təklif edir. Kütləvi turizm ölkələri blokundan 2014-cü ildə xaricə ümumilikdə 450–500 milyon turist səfəri olub və bu cür ölkədən gedən turistlərin ümumi sayında illik 4,2 faiz artım müşahidə edilib. Körfəz regionu ölkələrinin vətəndaşları üçün hava limanında viza rəsmiləşdirməsi təcrübəsinin tətbiqinə başlanıldıqdan sonra həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə edilib. Məsələn, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2014-cü ildə 821 nəfər olduğu halda, 2016-cı ilin doqquz ayında 38931 nəfərədək artıb. Bundan əlavə, İraqdan gələn turistlərin sayında son dövrlərdə müşahidə olunan artımı da qeyd etmək olar. Bu trend Qərbdə yerləşən bir çox inkişaf etmiş turizm məntəqələrinə nisbətən yaxın məsafədə yerləşən Azərbaycan üçün belə bazar potensialının olduğunu göstərir. Bir sıra ümumi ənənələrə, tarixi və mədəni cəhətlərə malik olan regionların bir çox ölkəsi üçün Azərbaycan ixtisaslaşmış turizmdə (ən çox tələbatın olduğu sahə) mərkəz rolunu oynaya bilər. MDB ölkələri də Azərbaycan üçün buna bənzər unikal imkanlar təklif edir. MDB ölkələri ilə Azərbaycanı bir çox ortaq tarixi-mədəni dəyərlərin birləşdirməsi, Azərbaycanın turizm təklifləri barədəhəmin ölkə vətəndaşları daha yaxşı məlumatlandırıldığı təqdirdə, ölkəyə çoxlu sayda potensial turistlərin cəlb edilməsinə səbəb ola bilər. Əsas əhali mərkəzləri Azərbaycan üçün mühüm turizm tələbi məkanlarıdır. Heydər Əliyev Beynəlxalq Hava Limanından Körfəz regionuna, Asiya və Avropanın 26 əsas şəhərinə uçuş məsafəsi qısamüddətlidir. Hazırda Bakı bu şəhərlərdən mümkün turist sayı ümumilikdə 60 milyona yaxın olan 13-ü ilə birbaşa hava əlaqəsinə malikdir. Hava yolu ilə bir saatdan az məsafədə yerləşən İranın Təbriz şəhəri də daxil olmaqla, digər 13 şəhərlə hava əlaqəsinin qurulması qısa uçuş məsafəsində yaşayan 30 milyon insanın da cəlb edilməsinə səbəb ola bilər.

Bundan əlavə, İranda Təbriz və Ərdəbil, Rusiyada Mahaçqala, Gürcüstanda Tbilisi kimi dörd əsas metropolis şəhər Bakıdan avtomobillə təxminən yeddi saatlıq məsafədə yerləşir. Bu dörd metropolis şəhərin əhalisi ümumilikdə 3,7 milyon nəfərdir və onlar Azərbaycan üçün potensial turistlər hesab edilə bilər.

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevirmək və mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimallaşdırılmasına nail olmaqdır. Bu məqsədlə əsas tələbatın olduğu şəhər və ölkələrdə, eləcə də məşhur onlayn platformalarda yüksəkhədəfli və yaxşı tənzimlənən marketinq tədbirlərinə başlanacaq. Uzunmüddətli perspektivdə Azərbaycanın səyahətçilər üçün regional qovşağa (“hub”) çevrilməsi məqsədilə logistik infrastrukturun bu üstünlüyündən istifadə ediləcək. Liberallaşdırılmış və rəqabətli aviasiya sektoru sayəsində 8 milyondan artıq sərnişini qəbul edə və yola sala biləcək təbii uçuş zonasına çevirmək hədəfi müəyyən olunub. Bu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı vasitəsilə sərnişin nəqliyyatının hazırkı səviyyəsini təxminən dörd qat artırmaqla Bakını həm işgüzar, həm də istirahət məqsədilə gələn turistlər üçün tranzit dayanacaq məntəqəsinə çevirəcək. Hava nəqliyyatı əlaqəsindən başqa, Azərbaycan uzunmüddətli perspektivdəölkədə yüksəksürətli qatar və avtomobil yolu şəbəkəsinin də inkişaf etdirilməsinə başlanacaq. Xarici turistləri cəlb etmək məqsədilə qonşu ölkələrlə, məsələn, İranla dəmir yolu əlaqəsi gücləndiriləcək, turistlərin ölkə daxilində şəhərdaxili və şəhərlərarası rahat hərəkətinin təmin edilməsi üçün dəmir yolu və avtomobil yolu şəbəkəsi, eləcə də metro sistemi yaxşılaşdırılacaq.

Ölkəyə gələn turistlərin yalnız öz ilkin təyinat məntəqəsində qalması deyil, fərqli şəhərlər və ya xüsusi nəzərdə tutulmuş səyahət marşrutları ilə hərəkəti təmin ediləcək.

Ölkəyə gələn əlavə turist axınını nəzərə alaraq, fərqli turist seqmentlərindən olan tələbatı qarşılamaq məqsədilə Azərbaycanın yaşayış və xidmət infrastrukturu da gücləndiriləcək. Bunun tərkib hissəsi kimi, Azərbaycan aşağı büdcəli hostellərdən, yataq və səhər yeməyi təklif edən yerləşdirmə vasitələrindən tutmuş lüks mehmanxana və istirahət komplekslərinədək geniş çeşiddə yerləşdirmə imkanlarına malik olacaq. Azərbaycanda turistlərə aşağı büdcəli yerləşdirmə vasitələri təklif etmək məqsədilə Turizm Şurasının təhlilləri və araşdırmaları ilə formalaşan turizm davranış xəritəsi əsasında mehmanxanaların yerləşdirilməsi təmin ediləcək. Xəzər dənizi də ölkənin turizm sektoruna təkan vermək potensialına malikdir. Bu istiqamətdə turistlər üçün cəlbediciliyi artırmaq məqsədilə çimərliklərə beynəlxalq təcrübədə olduğu kimi mavi bayraq nişanının verilməsi üzrə səylər genişləndirilərək, Xəzər dənizinin region daxilində ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görüləcək.

Həm də qonşu ölkələrə gedən turistlər üçün müvəqqəti dayanacaq məkanı kimi bir günlük və ya daha uzunmüddətli səfərlərlə Xəzər dənizində kruiz turlarının təşkilində Bakının mühüm rol oynaması qarşıya məqsəd kimi qoyulub.

Turizm sektoru üzrə müəyyən edilmiş on altı prioritetin həyata keçirilməsi nəticəsində Azərbaycanın real ÜDM-i 2020-ci ildə 465 milyon manat artacaq, Bakı və digər bölgələrdə prioritetlər həyata keçirilməklə, cəmi 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yeri yaradılacaq. Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmələrin sayının 2015-ci il üzrə təxminən 0,8 milyon gecədən 2020-ci il üzrə ən azı 3,65 milyon gecəyədək artırılacaq. Hər turistin orta qalma müddətinin 2 gündən 3 günədək artırılacaq. Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş xarici ölkə vətəndaşlarının sayının 2015-ci ildə 0,5 milyon nəfərdən 2020-ci ildə 0,9 milyon nəfərədək, yerləşdirilməyən xarici vətəndaşların sayının isə 2015-ci ildə 0,8 milyon nəfərdən 2020-ci ildə 1,5 milyon nəfərədək artırılması nəzərdə tutulub. Tədricən aşağı büdcəli gəlmə turizm göstəricisinin 265 minə çatdırılacaq. Sağlamlıq obyektlərindən istifadə göstəricisinin hazırkı 40 faiz ilə müqayisədə 65 faizədək artırılması (Naftalandakı sağlamlıq obyektlərinin istifadəsi nəzərdə tutulur) gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...