“Yaşıl dəhliz”dən hansı vergi ödəyiciləri keçəcək? - Vergi ARAYIŞı
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün “Açıq Qapı" günü keçirilib. Fins.az-ın məlumatına görə açıq qapı Vergilər Nazirliyinin tətbiq edəcəyi yeni “Yaşıl dəhliz” layihəsi şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərəcək yeni layihə ilə bağlı olub.
Vergilər nazirinin müşaviri, Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib ki, görüşün məqsədi ictimaiyyəti Vergilər Nazirliyinin vergi sahəsində həyata keçirdiyi islahatların davamı olan yeni "Yaşıl dəhliz" layihəsi ilə tanış etməkdir.
Onun sözlərinə görə, Prezident İlham Əliyev "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur. Bu istiqamətdə görülən işlər çərçivəsində şəffaf vergi partnyorluğu prinsipi əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə aparılacaq işlərin, onlara göstəriləcək xidmətlərin müəyyən edilməsi üçün vergilər naziri Fazil Məmmədovun əmri ilə müvafiq qaydalar təsdiq edilib. Bu qaydalar şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin müəyyən edilməsi meyarlarını, onlara göstəriləcək xidmətləri və digər məsələlər üzrə prosedurları tənzimləyir.
Bildirilib ki, vergi ödəyiciləri “Partnyor vergi ödəyicisi statusu”na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər, ilk növbədə, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onların əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar.
Partnyor ödəyicilərə, ərazi məhdudiyyəti nəzərə alınmadan, "Yaşıl dəhliz" prinsipi əsasında xidmət göstəriləcək. Burada, bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlərin də təqdim edilməsi nəzərdə tutulur. Belə xidmətlərə videobağlantılar, Çağrı və Xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir.
Ə.Məmmədovun sözlərinə görə, əlaqələndirmə işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan kuratorlar ayrılacaq. Kuratorlar partnyor ödəyicilərin müraciəti əsasında onlara ünvanlı xidmətlər göstərəcəklər. Partnyor vergi ödəyicilərinin siyahısı, onların razılığı əsasında, mütəmadi olaraq açıqlanacaq. Bu digər vergi ödəyiciləri üçün də nümunə olacaq və onlar intizamlı vergi ödəyicisi olmağın üstünlüklərini aydın şəkildə görə biləcəklər.
İlkin mərhələdə Bakı şəhərində belə tələblərə cavab verən ödəyicilərin sayının 500-dən çox olduğunu bildirən vergilər nazirinin müşaviri, hazırda yerli vergi orqanlarında analoji qurumların yaradılması ilə bağlı təkliflər hazırlandığını və yaxın vaxtlarda həmin təkliflərin müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.
Tədbirdə o da bildirilib ki, vergi orqanları şəffaf partnyorluq prinsipi əsasında fəaliyyət göstərən ödəyicilərə münasibətdə yaranan ziddiyyətli məqamları qarşılıqlı razılaşma yolu ilə həll etməyə çalışacaq, onların müraciətlərinə mövcud qanunvericilikdə müəyyən edilmiş müddətlərdən 3 dəfə tez baxılacaq.
Ə.Məmmədov qeyd edib ki, "Yaşıl dəhliz" layihəsinin uğurlu tətbiqi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, könüllü vergi əməl etmənin artmasına və cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinə səbəb olacaq.
951 dəfə oxundu