Biri "yox", biri "hə" dedi: Bakı nə etməlidir?

Biri "yox", biri "hə" dedi:


İtaliyada Konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra hökumət böhranının yaşanması əsla istisna deyil. Baş nazir Matteo Rensi öz siyasi taleyini referendumun sonuclarından asılı vəziyyətə salmışdı. İtalyanların əksəriyyəti isə onun islahatlar planına qətiyyətlə "Yox" dedilər.

İtalyanları ən çox qıcıqlandıran məsələ parlament palatalarının səlahiyyətlərinin bölüşdürülməsi, daha konkret olsaq, parlamentin yuxarı palatası olan Senatın səlahiyyətlərinin azaldılması idi.

Bu islahatlar planını ekspertlər ultraliberal, İtaliyanı Avropa İttifaqı çərçivəsində mərkəzəqaçma meyllərindən daha çox asılı duruma salacaq yeniliklər hesab edirdilər. Xatırladaq ki, baş nazirin konstitusion islahatlar layihəsi ölkə parlamentinin qanunvericilik fəaliyyətini yaxşılaşdırmaq üçün Senatın səlahiyyətlərinin tam əksəriyyətinin azaldılmasını, habelə regional hakimiyyətlərin səlahiyyətlərinin bir qisminin mərkəzi hökumətə verilməsini nəzərdə tuturdu.

Yeni senatorların sayı indi olduğu kimi 315 yox, 100 olacaqdı və onlar maaş almayacaqdılar.

Baş nazir Matteo Rensi artıq istefa açıqlaması ilə çıxış edib.

Baş nazirin bu açıqlamasının səbəbi Matteo Rensinin təklif etdiyi konstitusion islahatlarla bağlı referendumun ilkin nəticələridir. İslahatların əleyhinə seçicilərin 60 faizi səs verib. İtaliyada səsvermə hüququ olanların 70 faizi referenduma qatılmışdılar.

Matteo Rensinin layihəsinə görə, İtaliyada 1948-ci ildə qəbul edilmiş Konstitusiyada nəzərdə tutulan prinsiplərdən biri, yəni ölkə parlamentinin Senat və Nümayəndələr Məclisindən ibarət olmasına son qoyulmalıdır. İslahatlar layihəsi təsdiqlənsəydi, Senat artıq seçkili orqan olmayacaq, parlamentdə hökumətə etimadla bağlı səsvermələrdə iştirak etməyəcəkdi. Hazırda prezidentin təyin etdiyi ömürlük senatorluq institutu da ləğv ediləcəkdi.

Bu baxımdan heç təsadüfi deyil ki, İtaliya ilə yanaşı, bütün Avropa İttifaqı ölkələrindəki sağçılar və millətçilər qələbələrini bayram edirlər.

Fransadakı ultrasağçı, millətçi Milli Cəbhənin lideri Marin Le Pen italyan həmkarlarını təbrik edib. Le Penin fikrincə, italyanlar referendumda, sadəcə, Matteo Rensinin islahatlar planına yox, bütün Avropa İttifaqına yox dedilər.

Avropa İttifaqının emissarları, rəsmi Brüssel, sanki, ciddi olay baş verməmiş təki davranırlar. Brüsseldə səslənən bəyanatların az qala hamısında vurğulanır ki, İtaliyadakı referendumun sonucları italyanların daxili işləridir və Avropa İttifaqındakı olaylara da ciddi təsir edən deyil.

Sadəlövh yalanlar, qəsdən söylənən və prosesləri olduğundan bəsit göstərməyə yönəlmiş açıqlamalardır. Reallıq budur ki, Avropa İttifaqında lider olan dövlətlərin heç birinin başqa ölkələrlə yanaşı, dünya siyasətinə təsir etməyəcək "daxili işlər"i qalmayıb. Matteo Rensinin baş nazir postundan istefası, 2018-ci ildə keçiriləcək seçkilərədək çalışması nəzərdə tutulacaq yeni "texniki hökumət"in təyinatı bütün Avropa İttifaqı üçün problemlər yaradır və yaradacaq. Həmin problemlər arasında iqtisadi müşküllər, xüsusilə avroun kursunun aşağı düşməsi var.

Doğrudur, Avropa İttifaqı özünə Avstriyada keçirilmiş prezident seçkilərinin sonucları, "avstriyalı Donald Tramp"ın məğlubiyyəti və "yaşıl" van der Bellenə qalib gələ bilməməsi ilə ürək-dirək verməyə çalışır.

Fəqət Avropa İttifaqı ölkələrində cəmiyyətlər artıq parçalanıb, parçalanma da aşkar və prinsipialdır. Seçicilərin yalnız nüanslarda, xırda məsələlərdə fərqlənən liberal partiyalar arasında seçim etdikləri zamanlar gerildə qalıb. Siyasi turbulentlik, çaxnaşmalar dövrü başlanıb.

İtaliyadakı referendum da Avropa İttifaqını gözləyən dramın Britaniya "Brexit"indən sonrakı ikinci mərhələsidir.

Qəfil Avstriya sensasiyası

Avstriyada prezident kürsüsü uğrunda aylardan bəri davam edən mübarizə Avropa üçün xoş sensasiya ilə nəticələndi. Ultrasağçı, radikal mühafizəkar namizəd Norbert Hoferin qələbəsini "şübhə doğurmayan sonuc" təki qələmə verən ehtimalların tam əksinə olaraq seçkilərin təkrar ikinci turunda müstəqil namizəd, Avstriya Yaşıllar Partiyasının sabiq lideri Aleksandr Van der Bellen qalib gəldi.

Norbert Hoferin məğlubiyyəti Avropa İttifaqında bütün ultrasağçılar və millətçilər üçün "soyuq duş" olmaqla yanaşı, Aİ-ni parçalanmaqdan qorumağa çalışanları bir qədər sakitləşdirən məqam sayıla bilər. Səsvermə ərəfəsində aparılmış sorğuların əksəriyyəti qalibin 45 yaşlı siyasətçi, Avstriya Azadlıq Partiyasından olan Norbert Hoferin qələbəsini şəksiz sayırdı.

Radikal və sağçı N.Hofer özünü "avstriyalı Donald Tramp" adlandırır, yeni nəsil siyasətçi olduğunu söyləyirdi. O, Avropa İttifaqı rəhbərliyinin miqrantlarla bağlı siyasətindən narazı qalanlara, ümumiyyətlə, "Avropa evi" ideyasına inanmayanlara bel bağlayırdı.

Lakin seçkilər göstərdi ki, Avropa İttifaqındakı siyasətdə dominion sayılacaq nəsnə hələ formalaşmayıb. 72 yaşlı iqtisadiyyat professoru Aleksandr Van der Bellenin qələbəsi də buna dəlalət edən nüans hesab oluna bilər.

Seçicilərin 53,6 faizi der Bellenə, 46,4 faizi isə Hoferə səs verib və beləcə, Avstriyadakı daxili siyasətdə tam bir il davam edən intriqa bitib. Avstriyada prezident postu daha çox mərasim xarakterli vəzifə olsa da, qoca Avropanın köklü ölkələrindən birində dövlət başçısı seçimləri Avropa İttifaqındakı siyasi durumun barometri kimi qəbul olunurdu.

Ölkə Konstitusiyasına uyğun olaraq prezident 6 il müddətinə seçilir və o, dövlət başçısı adlansa da, real səlahiyyətləri azdır. Fəqət, prezidenti hökuməti buraxmaq və yeni kansler, yəni baş nazir təyin etmək hüququ var.

Norbert Hofer də seçki ərəfəsində deyirdi ki, əgər yeni kansler miqrantlarla bağlı kvotanı aşarsa, mütləq şəkildə hüququndan istifadə edəcək və yeni hökumət formalaşdıracaq.

Avstriyanın indiki prezidenti Hayns Fişer yeni dövlət başçısının inauqurasiya mərasiminədək, yəni gələn ilin iyul ayınadək postunda qalacaq.

Aleksandr van der Belleni Avstriyadakı bütün "sistem" siyasi qüvvələrin, Avropa İttifaqı liderlərinin və strukturun rəhbərliyinin dəstəklədiyini nəzərə alsaq, onun məğlubiyyəti Britaniyadakı "Brexit"dən sonra hələ də özünə gələ bilməmiş avrointeqrasiya tərəfdarlarını depressiyaya sala bilərdi. Fransadakı ultrasağçı Milli Cəbhənin lideri Marin Le Pensə aşkar şəkildə deyirdi ki, Norbert Hofer qələbəsi gələn ilin baharında Fransada keçiriləcək seçkilərdə sağçıların mövqelərini əhəmiyyətli dərəcədə möhkəmlədə bilərdi.

Hoferin məğlubiyyəti indi tək Le Pen yox, bütün Avropadakı sağçılar üçün ağır zərbədir.

Biri "yox", biri "hə" dedi

İtaliyada konstision dəyişiliklərlə bağlı layihəyə "yox", Avstriyada isə avrointeqrasiyaya "hə" deyildi.

ABŞ-da Donald Trampın prezident seçkilərində qələbəsi Avropadak ultrasağçıları və radikalları ruhlandırdı, onları qələbəyə köklədi. Başlıca səbəb Trampın Birləşmiş Ştatlarda yoxsul və ya maddi rifah səviyyəsi yüksək olmayan insanların dəstəyini qazanaraq rəqibini, "varlıların namizədi" kimi qələmə verilən Hillari Klintonu üstələməsi idi.

Avropa İttifaqındakı sağçılar da bu taktikadan yararlanmaq fikrindədirlər. Fəqət, Avstriyada taktika özünü doğrultmadı və bu, əslində, avrointeqrasiya tərəfdarlarının qələbəsi deyil. Yaxın Şərq və Şimali Afrikadan Avropa İttifaqına axışan miqrantların əksəriyyəti Avstriya ərazisindən keçirdilər ki, bu da avstriyalıları çox qıcıqlandırırdı.

Rəsmi Vyana situasiyanın nəzarətdən çıxmağa başladığını görüncə, eynən Macarıstan kimi sərhəddə hasarlar tikməyə başladı. Daha sonra Almaniya miqrant axınına nəzarəti sərtləşdirəndə Vyana Aİ çərçivəsində miqrant böhranının çözülməsi üçün diskussiyalara fəal qatıldı. Bütün bunlar da təbii ictimai fikrə ciddi təsir etdi.

Avstriyalılar hökumətlərinə inandılar. Hoferin liderlik etdiyi Avstriya Azadlıq Partiyasının özünü populyarlaşdırmaq üçün istifadə etdiyi böhranın pik nöqtəsi beləcə, geridə qaldı. Bütün bunlar Avropa İttifaqında "domino effekti"nin, marginalların revanşının zəifləməsi sayıla bilərmi?

Suala cavab arayanlar yanılırlar, çünki konkret ölkədəki vəziyyəti, siyasi situasiyanı heç bir halda televizor ekranı qarşısındakı futbol azarkeşlərinin reallığı illüzor qavrama çevirmək olmaz. İtaliyadakı referendum Avropa İttifaqına zərbə oldusa, Avstriyadakı seçkilər Brüsseli rahatlaşdırdı və bu, siyasi tarazlıq, taktiki baxımdan "birləşmiş qablar qanunu" sayılmamalıdır.

Avropa İttifaqı zəifləyir və avrointeqrasiya idefiksinin tərəfdarlarının sayı sürəkli azalır. Belə vəziyyətdə bu və digər ölkədəki durumun ümumi mənzərəyə əhəmiyyətli təsirindən danışmaq bir qədər tez olmaqla yanaşı, Aİ-nin laxlayan və dağılmağa başlayan zahiri monolitliyini ört-basdır edən olaylar qismində qəbul edilməmədir.

Rəsmi Bakı da Avropa İttifaqı ilə bağlı siyasətində artıq invaziv dəyişikliklər etməli, qurumu vahid və bütöv təşkilat yox, fərqli fikirli, dəyişkən mövqeləri dövlətlərin hələlik funksional konstrusiya effekti yaradan struktur olduğunu qərarlarında və xarici siyasətində nəzərə almalıdır. Avropa İttifaqı geosiyasi və strateji genişlənmə planlarını təxirə salıb, özünü qorumaq və parçalanma təhlükəsindən qurtulmaq üçün yollar arayır. Bu, yeni dünya düzəninin, əvvəlki qlobal siyasətin aqoniyasının növbəti mərhələsidir.

Artıq "insan haqları", "demokratik dəyişikliklər" və ilaxır kimi absurdizm yığını müstəqil dövlətlərə aşkar təzyiq vasitəsi rolunu oynamır. Əslində, real müstəqil siyasət yürüdən ölkələr Avropa İttifaqının bəyanatlarına, pressinq səciyyəli qətnamələrinə fikir də vermirdilər. İndisə Avropa İttifaqı barmaq silkələyib hədələyən və üstəlik də sanksiyalarla qorxudan təşkilat statusunu itirməyə başladığından yeni reallıqları nəzərə almalıdır.

Əks təqdirdə mövcud mövqelər də əldən çıxacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
947 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...