"Düşünmürəm ki, bu qərara etiraz etsinlər" - Nazir
Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev oktyabrın 29-da Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin Əlcəzair sazişinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli Komitəsinin iclasında iştirak edəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, toplantıya Azərbaycanla yanaşı, neft hasil edən qeyri-OPEC dövlətlərindən Rusiya, Qazaxıstan, Bəhreyn, Boliviya, Braziliya, Bruney, Kanada, Misir, Kolumbiya, Norveç, Malayziya, Oman, Meksika, Trinidad və Tobaqo da dəvət edilib. İclasın gündəliyinə dünya neft bazarının qısa müddətli inkişafı ilə əlaqədar təqdimat və müzakirələr, OPEC-in qərarının icrasına qeyri-üzv ölkələrin qoşulması ilə bağlı neft istehsal edən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nümayəndələri ilə müzakirələr, eləcə də tədbir çərçivəsində məsləhətləşmələrin aparılması daxildir.
Görüşlə əlaqədar energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycan dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün irəli sürülən təşəbbüsə qoşulur və razılaşmanın əldə olunması üçün öz töhfəsini verməyə hazırdır. “Düşünmürəm ki, kartelə üzv olmayan dövlətlər neft hasilatının məhdudlaşdırılması ilə bağlı yekun qərarın qəbuluna etiraz etsinlər. Burada həlli vacib məsələ OPEC üzvləri, xüsusilə də İran, Liviya, Nigeriya və Səudiyyə Ərəbistanı kimi dövlətlər arasında ziddiyyətlərin aradan qaldırılması, ümumi razılığın əldə olunmasıdır.”
Natiq Əliyev onu da əlavə edib ki, Azərbaycanın öz neft hasilatını və ixracını artırmayacağı ilə bağlı mövqeyi iclas çərçivəsində nəzərdə tutulan ayrı-ayrı görüşlərdə də bir daha bəyan ediləcək.
Xatırladaq ki, sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri sutkalıq neft hasilatını 32,5-33 mln. barrel səviyyəsində dondurmağı razılaşdırıb. Yekun qərarın isə noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşdə veriləcəyi gözlənilir.
863 dəfə oxundu