Göyçayda tibb işçiləri pambıq yığır - Rəsmi açıqlama
Göyçay rayon Mərkəzi Xəstəxanasının səhifəsində səhiyyə işçilərinin pambıq yığımına cəlb edilməsi haqda yayılan xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu haqda tənqidi fikirlər səsləndirilir. Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva AzVision.az-a faktı təsdiqləyib. Bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən səhiyyə işçiləri pambıq yığımına kömək ediblər.
“Rayonun icra başçısı tərəfindən təklif irəli sürüldü ki, pambıq yığımına bütün müəssisələr tərəfindən kömək edilsin. Çünki güclü yağışlar başladığından pambıq vaxtında yığılmasa, məhsul xarab olacaq. Bu səbəbdən digər kollektivlər kimi biz də pambıq yığımına cəlb olunduq. Həkimlər və tibb işçiləri pambıq yığımına getməyib. Aşağı vəzifəli tibb işçiləri köməyə cəlb olunub. Onlar iş vaxtından əlavə pambıq yığımına gediblər”, -deyə baş həkimin müavini vurğulayıb.
***
“Qafqazinfo” məsələylə bağlı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, pambıq yığımında iştirak edən şəxslər səhiyyə işçiləri yox, texniki işçilərdir: “Onlar könüllü olaraq pambıq yığımında iştirak ediblər. Əvvəllər də bu kimi hallar olub. Növbədə olmayan insan hara istəsə gedə bilər. Nazirlik buna qarışmır”.
961 dəfə oxundu