Azərbaycan hökuməti FED tərəfindən ilin sonunadək uçot dərəcəsinin artırılacağını ehtimal edir

Azərbaycan hökuməti FED tərəfindən ilin sonunadək uçot dərəcəsinin artırılacağını ehtimal edir


Dünya maliyyə bazarlarında artmış turbulensiya və riskdən qaçma meylləri əhəmiyyətli makroiqtisadi təsirlərə səbəb ola bilər. Qlobal maliyyə böhranından miras qalmış problemli bank aktivlərinin "Brexit"in təsiri altında maliyyə axınlarını daha çox ABŞ-ın maliyyə bazarlarına "qaçırtması", sonuncuda isə iqtisadi artımın bərpası gözləntiləri Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED - red.) pul siyasəti dərəcəsini 2016-cı ilin sonuna kimi artırması ehtimallarını gücləndirir.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Sənəddə deyilir ki, belə olan halda inkişaf etməkdə olan iqtisadiyyatların suveren borc faizləri daha da arta bilər: "Bunu nəzərə alaraq, xüsusilə də Azərbaycan kimi resurs ixracatçısı olan və əhəmiyyətli fiskal korreksiya dövrünü yaşayan inkişaf etməkdə olan ölkələrdə maliyyə sabitliyinin qorunması ən önəmli məqsədlərdən birinə çevrilməkdədir".

Təqdimatda o da deyilir ki, yuxarıda qeyd olunan bu qlobal meyllər ölkə iqtisadiyyatı qarşısında da aşağıdakı mühüm siyasət çağırışlarını aktuallaşdırır:

- İqtisadiyyatın zəif diversifikasiyası və neftin dünya bazar qiymətinin aşağı və olduqca dəyişkən olması şəraitində tədiyə balansı və icmal büdcənin qeyri-neft kəsirlərinin yüksək səviyyəsinin tədricən azaldılması, bu məqsədlə pul və fiskal siyasətlərin sərtləşdirilməsi;

- Maliyyə-valyuta bazarlarında mövcud gərginlik fonunda sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması məqsədilə bank restrukturizasiyasının sürətləndirilməsi;

- Dövlət borcunun məqbul həddə və effektiv idarə olunması, bu məqsədlə strateji layihələr və yenidən maliyyələşdirmə ilə bağlı borclanma istisna olmaqla, dövlət borcunun sərt limitləşdirilməsi;

- Dövlət zəmanəti ilə borc götürmüş iri dövlət müəssisələrinin borc portfelinin təhlil olunması və bununla əlaqədar hökumətin üzərinə düşə biləcək maliyyə yükünün müəyyən olunması;

- İqtisadiyyatın şaxələnməsi, qeyri-neft ixracının artırılması, idxalın əvəzləşdirilməsi imkanlarından tam istifadə etmək məqsədilə struktur və institusional islahatların sürətləndirilməsi;

- İqtisadi resessiya şəraitində sosial baxımdan həssas əhali qruplarının sosial təminatının gücləndirilməsi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...