Azərbaycanda ƏDV eyni qaydada tətbiq edilməyə bilər
Hesablama Palatası əlavə dəyər vergisinin 18 faiz səviyyəsində müəyyən edilmiş dərəcəsinin differensiallaşdırılmasını təklif edib.
APA-nın məlumatına görə, qurumdan bildirilib ki, 2015-ci ildən etibarən dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində müşahidə olunan kəskin azalmalar, sözsüz ki, dünya iqtisadiyyatına inteqrasiya olunmuş milli iqtisadiyyatımıza da təsir etməklə artım templərinin səngiməsini şərtləndirib. İlk baxışdan mənfi cəhətdən səciyyələndirilən bu proses qeyri-neft sektorunun inkişafı ilə növbəti iqtisadi modelə keçidin sürətləndirilməsi üçün təkanverici amil kimi qiymətləndirilə bilər. Şaxələndirilmiş qeyri-neft (qeyri-xammal) iqtisadi modelə keçid dövründə bazar münasibətlərinin maksimum liberallaşdırılması kimi iqtisadi modelin cəlbediciliyinin və sosialyönümlülüyünün təmin olunması da sistemin dayanıqlılığının ən vacib şərtlərindəndir ki, bu məsələlərin də uğurlu həlli real sektorun maliyyələşmə qaydalarının (subsidiyalar, dotasiyalar, sosial yardımlar, əmək haqların artırılması, xüsusilə yerli xammal hesabına istehsal və ixrac fəaliyyətinin güzəştli kreditləşdirilməsi və s.) təkmilləşdirilməsi ilə yanaşı bazar qiymətlərinin vergi dərəcələrinin optimallaşdırılması yolu ilə tənzimlənməsi səviyyəsindən asılıdır.
Hesablama Palatası hesab edir ki, vergi dərəcələrinin optimallaşdırılması isə real sektorda daxili istehsalın idxalla müqayisədə üstünlüklərinin, istehlakın daxili istehsal hesabına təmin olunmasının, xammal və yarımfabrikatların ixracı ilə müqayisədə əlavə dəyəri yüksək olan hazır məhsulun ixracına önəm verilməsinin stimullaşdırılmasını nəzərdə tutmalıdır. Həmin stimullaşdırıcı tədbirlər çərçivəsində atılacaq əsas addımlardan biri məhz istehlak qiymətlərinin tərkibində yer alan əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin differensiallaşdırılmasından ibarətdir: "Nəzərə alınmalıdır ki, ƏDV tətbiq edilən qeyri-xammal (şaxələndirilmiş) iqtisadi modellərə malik əksər ölkələrdə (Avstriya, Almaniya, Belçika, Böyük Britaniya, İsveç, Niderland, Türkiyə, Fransa, Çin və s.) ƏDV-nin standart dərəcəsinin mal (iş, xidmət) qrupları üzrə differensiallaşdırılması təcrübəsi mövcuddur. Buna misal olaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə əlavə dəyər vergisinin standart dərəcəsi ilə yanaşı ilkin tələbat malları (işləri, xidmətləri) üzrə azaldılmış dərəcələrdən geniş istifadə olunmasını göstərmək olar. Qeyd olunanları nəzərə alaraq, qeyri-neft (qeyri-xammal) sektorunun daha da şaxələndirilməsi və daxili istehsal hesabına inkişafının sürətləndirilməsi, idxaldan asılılığın minimum səviyyəyə endirilməsi, istehlakın daima stimullaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi kimi hədəflərə nail olunması istiqamətində görülən tədbirlərə əlavə dəstək kimi Vergi Məcəlləsinin 173.1-ci maddəsi ilə əlavə dəyər vergisinin 18 faiz səviyyəsində müəyyən edilmiş dərəcəsinin differensiallaşdırılmasının da həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur".
985 dəfə oxundu