Azərbaycanda KİV-ə qeyri-qanuni sponsorluq edənlərə sərt cəzalar tətbiq edilir
Azərbaycanda kütləvi informasiya vasitələrinə qanunsuz sponsorluq edənlərə qarşı yeni və sərt cəzalar tətbiq olunur.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsində təsbit olunub.
Maddəyə görə, kütləvi informasiya vasitələrinə, o cümlədən teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı “Televiziya və radio yayımı haqqında” və “Kütləvi informasiya haqqında” qanunların tələblərinin pozulmasına görə, fiziki şəxslər 1000 manatdan 1500 manata qədər, vəzifəli şəxslər 2500 manatdan 3 500 manata qədər, hüquqi şəxslər isə 8 000 manatdan 10 000 manata qədər cərimələnəcəklər.
Mövcud məcəlləyə görə isə bununla bağlı cəzalar 30 manatdan 50 manatadək cərimədir.
Azərbaycan prezidenti tərəfindən təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunsa, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
1128 dəfə oxundu