Nazirliyin müsabiqəsi tənqid olundu – Qalibdən ittihamlara CAVAB

Nazirliyin müsabiqəsi tənqid olundu –
Mədəniyyət Nazirliyi "Nizami Gəncəviyə məktub" adlı beynəlxalq esse müsabiqəsi keçirib. Türkiyə vətəndaşı Səlçuk Karakılıçın müəllifi olduğu yazı müsabiqədə birinci yerə layiq görülüb.

Müsabiqənin nəticələri birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə tənqidlərə tuş gəlib. Müzakirələr fonunda qalibin düzgün seçilmədiyi barədə iddialar səsləndirilib.

Müsabiqə barədə "Facebook" hesabında status yazan jurnalist Xəqani Səfəroğlu bunları bildirib:

“Mədəniyyət Nazirliyi "Nizami Gəncəviyə məktub" müsabiqəsi keçirib. Birinci yerə Türkiyə vətəndaşının yazısı layiq görülüb. Yazını oxudum. Şoka düşdüm. Məqalədən başa düşdüm ki, müəllif ümumiyyətlə Nizamini tanımır və əsərlərini də oxumayıb. Yazı sadəcə söz yığınıdır. Bu qardaşın heç xəbəri yoxdur ki, Nizami əsərlərini Azərbaycan dilində deyil, fars dilində yazıb. 3 min manat da pul veriblər ona..”.

Modern.az-ın məlumatına görə, “Büyük Kahraman”: Nizami Gencevi” adlı yazısı ilə birinciliyə layiq görülən Selçuk Karakılıç Bakı Yunus Əmrə İnstitutunun rəhbəridir. O, saytımıza açıqlamasında ittihamlarla razılaşmadığını söyləyib.

“Mən hazırda Türkiyədəyəm. Yazımda Nizami Gəncəvinin qəhrəmanlığından bəhs etmişəm. Məsələnin mahiyyəti budur. Mən heç kimlə mübahisə etməyəcəyəm. Mənim işim kiminləsə dava deyil, elm və həqiqətdir”, - S.Karakılıç tənqidlərə cavab verib.

Qeyd edək ki, hazırda qeyri-iş günü olduğundan Mədəniyyət Nazirliyindən müsabiqə ilə bağlı tənqidlərə rəsmi münasibət öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirlikləri tərəfindən keçirilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinin qalibləri müəyyənləşib.

Ötən ilin noyabrın 16-dan elan edilən müsabiqəyə esselərin qəbulu dekabrın 30-da başa çatıb. Yekunda müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Bolqarıstan, Rusiya, Küveyt, Misir, Vyetnam, Cənubi Koreya və s.) 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) olmaqla ümumilikdə 288 esse təqdim edilib. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb.

Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün qəbul edilən 264 esse və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib və “Nizami Gəncəviyə məktub” müsabiqəsinin qiymətləndirmə komissiyasına təqdim edilib.

Komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.

“Nizami Gəncəviyə məktub” müsabiqə komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınan ümumi nəticəyə və komissiyanın yekun qərarına uyğun olaraq aşağıdakı əsərlər müsabiqənin qalibləri elan edilib.

I yer – Selçuk Karakılıç “Büyük Kahraman”: Nizami Gencevi”
II yer – Tariq Yousef “A Letter to Nizami Ganjavi”
III yer – Mülayim Hümmətova “Nizami Gəncəviyə məktub”.

Nazirliyin müvafiq əmrinə əsasən müsabiqənin birinci yer üzrə qalibinə 2021 ABŞ dolları, ikinci yer üzrə qalibinə 1141 ABŞ dolları və üçüncü yer üzrə qalibinə 880 ABŞ dolları məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qısa müddət ərzində Mədəniyyət Nazirliyi tərəfindən qaliblərin mükafatlandırılması təşkil ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...