Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilir
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı başlayıb.
APA-nın məlumatına görə, qurultayda Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.
İki gün davam edəcək qurultaya 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq qatılıb. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edir.
Rəsmi açılışdan sonra Qurultay işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayında prioritet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq.
Tədbirin yekununda bir neçə sənədin qəbulu gözlənilir. Qurultay iyunun 4-də yekunlaşacaq.
Xatırladaq ki, dünya azərbaycanlılarının I qurultayı Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrın 9-10-da Bakı şəhərində keçirilib. II Qurultay 5 il sonra Azərbaycan prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da baş tutub. Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci ilin iyul ayının 5-6-da Bakı şəhərində keçirilib.
1059 dəfə oxundu