Həbsdə olan şairin səhhəti pisləşdi
10 il müddətinə azadlıqdan məhrum edilən şair Saday Şəkərlinin səhhətində ciddi problem yaranıb. Bu barədə Trend-ə açıqlamasında S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev bildirib. Vəkil qeyd edib ki, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan S.Şəkərlinin səhhəti pisləşib:
"O şəkər xəstəliyindən əziyyət çəkir. Təcridxana şəraitində onun səhhəti dəfələrlə pisləşib və tibb məntəqəsinə köçürülüb. Bir neçə gün əvvəl yenidən onun səhhətində ciddi problem yaranıb. Onun müalicə müəssisəsinə köçürülməsi barədə müraciət etmişik. Hələlik müraciətə cavab gəlməyib. Saday hazırda təcridxanada həkim nəzarətində saxlanılır".
Xatırladaq ki, ittiham aktına görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. S.Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.
888 dəfə oxundu