Rusiyada ilk dəfə “Zika” virusuna yoluxma halı qeydə alınıb
Rusiya Federasiyasında ilk dəfə “Zika” virusuna yoluxma halı qeydə alınıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə İstehlakçıların Hüquqlarının və İnsanların Rifahının Müdafiəsi üzrə Federal Nəzarət Xidməti – “Rospotrebnadzor”un saytında bildirilib.
“Zika” virusuna yoluxan şəxsin qadın olduğu bildirilir. Moskva sakini olan qadının Dominikan Respublikasında istirahətdə olan zaman bu virusa yoluxduğu xəbər verilib. Onu gətirən təyyarə “Domodedovo” hava limanına enib.
“Rospotrebnadzor”dan verilən məlumata görə, “Zika” virusuna yoluxan Moskva sakini hazırda infeksional stasionar boksda saxlanılır və onun vəziyyəti qənaətbəxşdir. Virusa yoluxmuş qadının əlaqədə olduğu şəxslərin üzərində aparılan tibbi müayinənin nəticələrinə görə, onlarda “Zika” virusu aşkarlanmayıb.
Qeyd edək ki, “Zika” virusu meymunlarda olan kəskin infeksiya xəstəliyidir. Bu virus ağcaqanadlar vasitəsilə insanlara da keçə bilir. “Zika” virusu hamilə qadınlar üçün olduqca təhlükəlidir. Belə ki, bu virus hamilə qadınların dölünün beynində ağır fəsadlara yol aça bilir.
944 dəfə oxundu