“Yuğ”un binası ilə göz yaşı tökərək vidalaşdılar

“Yuğ”un binası ilə göz yaşı tökərək vidalaşdılar


Fevralın 1-dən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək “Yuğ”-un kollektivi söküləcək teatr binası ilə vidalaşıb. Onlar sonuncu dəfə öz binalarında T. Rəsulovun quruluşunda hazırlanan “Boy” tamaşası ilə tamaşaçıların qarşısına çıxıb.

Musavat.com xəbər verir ki, tamaşadan öncə teatrın direktoru Tərlan Rəsulov foyedə onlara dəstək olmaq üçün gələn tamaşaçılara minnətdarlığını bildirib: “Sonuncu dəfə öz binamızda “Boy” tamaşası ilə qarşınıza çıxmaq istədik. Bizə dəstək olan hər kəsə minnətdarıq. Biz Vaqif İbrahimoğlunun yaratdığı “Yuğ” teatrını yaşatmalıyıq. Qarlı, şaxtalı axşamda bizi tək qoymadığınız üçün çox sağ olun. Bu günlərdə bizi nə qədər sevdiyinizi anladıq”.

Teatrın baş rejissoru Gümrah Ömər isə daha gözəl işlər görəcəklərini vəd edib:
“Bu bir zaman kəsiyi idi. Hər şeyin bir əvvəli olduğu kimi sonu da var. Kukla Teatrında fəaliyyət göstərmək bizim üçün yeni başlanğıcıdır. Qürurvericidir ki, insanlar binamızın sökülməsinə biganə yanaşmadılar. Bizim nəyəsə görə susduğumuzu düşünməyin. Düşünürük ki, bu vəziyyət bizi yaxşılığa doğru aparacaq. İnşallah, yaşayıb hər şeyi görərik. Həyatdır, gerçəklikdən qaçmaq mümkün deyil. Uğurlu, maraqlı işlər görmək diləyi ilə bu binadan ayrılırıq”.

Daha sonra tamaşaçılar zala daxil olaraq "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşasını izləyib. 75 dəqiqə davam edən tamaşada əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Könül Cəfərzadə iştirak edib.
Tamaşadan sonra ayaq üstə alqışlanan teatr kollektivi göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində həyata keçirilən söküntü, abadlıq işləri ilə əlaqədar həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.


“Yuğ”un binası ilə göz yaşı tökərək vidalaşdılar



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1125 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...