Maşallah Əhmədov daha bir ay "ev dustağı" olacaq

Maşallah Əhmədov daha bir ay "ev dustağı" olacaq

Dələduzluqda təqsirləndirilərək barəsində "ev dustaqlığı" tədbiri seçilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb.

Bu barədə Trend-ə M.Əhmədovun vəkili Samir Abdullayev məlumat verib. Vəkil bildirib ki, martın 14-də Binəqədi rayon Məhkəməsində M.Əhmədovun "ev dustaqlığı"nın müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb. Binəqədi rayon Məhkəməsinin qərarı ilə M.Əhmədov barəsindəki ev dustaqlığının müddəti bir ay uzadılıb. Xatırladaq ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. "Neftçi"nin veteran futbolçusu Bakıda bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq qaytarmamaqda təqsirləndirilir.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apelyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apelyasiya şikayəti təmin edilməyib. Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzləyib. M.Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...