"MTN işi"ndə 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb - RƏSMİ
Cinayət işi ilə bağlı 130 epizod üzrə araşdırma aparılıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin müvafiq strukturlarında sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulmaqla telefon danışıqlarının dinlənilməsi və yol verilmiş digər qanunsuzluqlarla bağlı 17 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Lent.az-ın məlumatına görə, bu gün Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib ki, iş üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Həmin iş üzrə 130 epizod araşdırılmaqla, cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Hazırda ayrı-ayrı vətəndaşlardan daxil olan yeni müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.
992 dəfə oxundu