Telekanalların qəhrəman kimi təqdim etdiyi ata övladını zorla diləndirir
Son vaxtlar övladından imtina edən ailələrin sayı artıb. Hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evində 25 azyaşlı saxlanılır. Bunu virtualaz.org saytına birliyin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, tüfeyli həyat tərzi keçirən atalar isə övladlarını diləndirməklə araq pulu qazanırlar: “Ötən ay telekanalların birində zibilliklərdən içki şüşələri toplayaraq satan Sergey haqqında veriliş verdilər. Guya o, şüşələri satıb yanında arabada gəzdirdiyi azyaşlı oğlu Mişanı böyüdür. Halbuki, “qəhrəman ata” uşaqdan dilənmək üçün istifadə edib. Uşaq daim sərxoş olan atasının təzyiqlərinə dözməyərək evdən qaçıb. Biz onu sığınacaqda yerləşdirmişik”.
K.Ağazadə bildirir ki, hazırda sığınacaqda həyat yoldaşı tərəfindən küçəyə atılan 7 qadın gətirilib. Bəziləri uşağa baxa bilmədiyini bəhanə edərək həyat yoldaşını və övladını küçəyə atır. Onların arasında insan alverinin potensial qurbanları da var: “Son vaxtlar paytaxtdan çıxarılan küçə uşaqları Bakıətrafı qəsəbələrə, kənar məhəllələrə gedib. Onlar dilənmək, xırda oğurluq etməklə dolanırlar. Polis əməkdaşları tərəfindən sığınacağa gətirilən uşaqlar da bunu təsdiqləyirlər. Təəssüf ki, məktəbdən yayınaraq dilənçiliklə məşğul olanlar hələ də çoxdur. Onlarla söhbətdən bəlli olur ki, əksəriyyətinin valideynləri sağdır. Lakin ailədə problemlər olduğundan, uşaqlar küçəyə qaçıblar”.
1030 dəfə oxundu