Ər evdə istilik olmadığından şikayət edən arvadını öldürdü
Füzuli rayonunda dəhşətli qətl hadisəsi baş verib. Füzuli Rayon Polis Şöbəsindən virtualaz.org-a bildiriblər ki, rayonun Bala Bəhmənli kənd sakini, 1978-ci il təvəllüdlü Gəncəvi Zöhrab oğlu Sadıqov şəxsi mənzilində, aralarında yaranan mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Vüsalə Hidayət qızı Əsədovanın boğazını kəsib.
31 yaşlı qadın aldığı bıçaq yaralarından hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ailənin iki azyaşlı övladının gözü qarşısında baş verib. Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. Faktla bağlı Füzili Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. İlkin məlumata görə, ərlə arvadı arasında mübahisə evdə istiliyin olmaması səbəbindən yaranıb. Arvadı gileylənib ki, evdə istilik yoxdur, uşaqlar soyuqdan donur, o isə bir ər kimi buna heç bir əncam çəkmir.
Bu söz ev sahibinin xoşuna gəlməyib, onu özündən çıxarıb və... sonu məlumdur. Rayon polisindən o da bildirilib ki, bu ailədə həmişə qalmaqal olub. Məhz bu səbəbdən də Sadıqovlar ailəsi "problemli ailə" kimi polisdə qeydiyyata götürülübmüş.
1185 dəfə oxundu