Niyazi Bayramov İndoneziya səfiri ilə görüşdü - FOTO
İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və saləhiyyətli səfiri Hildi Hamid Gəncəyə səfər edib. Səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Gundeminfo.az xəbər verir ki, Niyazi Bayramov qonağı salamalayaraq, ona Azərbaycanda diplomatik fəaliyyətində uğurlar arzulayıb. Daha sonra qədim tarixə malik olan Gəncə haqqında ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Şəhərdə “Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, Süni Mərmər və Qranit İstehsalı Zavodu, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələrin olduğunu vurğulayan icra başçısı Gəncədə 3 universitet və 2 kollecin, həmçinin bir sıra iri mədəniyyət ocaqlarının fəaliyyətini də qonağın nəzərinə çatdırıb. Bununla yanaşı, Niyazi Bayramov 44 günlük Vətən müharibəsi zamanı İndoneziyanın ölkəmizə göstərdiyi mənəvi dəstəyə görə səfirə öz təşəkkürünü bildirib.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən Hildi Hamid Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün çalışacağını vurğulayıb. O bildirib ki, Gəncəyə səfərinin əsas məqsədi iqtisadi, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın gücləndirməsidir. Eyni zamanda səfir iki ölkə arasında tarixi və mənəvi dəyərlərin olduğunu və İndoneziyada Azərbaycan ədəbiyyatının çox sevildiyini dilə gətirib: “Buna misal olaraq Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında çəkilən filmi göstərmək olar. Filmin çəkililərinin 70 faizi Azərbaycanda, 30 faizi isə İndoneziyada lentə alınıb. Bu film ölkəmizdə çox böyük maraqla qarşılanıb”- deyə, o əlavə edib.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Qeyd edək ki, səfir gün ərzində şəhərin bir sıra mədəniyyət və sənaye müəssilərində olacaq. Bununla yanaşı, o, Gəncədəki iş adamları ilə də görüşəcək. Görüşün məqsədi İndoneziyanın iqtisadi potensialı barədə azərbaycanlı iş adamlarını məlumatlandırmaq və qaşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verməkdir.
770 dəfə oxundu