Rusiyadan gətirilən yeni qatarların şüşələri yolda sındırılıb? - FOTO
Yeni qatarların şüşələrinin sındırılması, üzərinə müxtəlif sözlərin yazılması ilə yararsız vəziyyətə salınaraq, geri qaytarılması ilə bağlı sosial platformalarda yayılmış məlumatlara aydınlıq gətirilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Gundeminfo.az-a bildirib ki, vaqon iki hissədən ibarət olmaqla Bakıya yola salınıb:
“Bundan əvvəl Bakı metrosunun nümayəndələri vaqonların “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunmasını təftiş ediblər. Heç bir problem olmayıb və qatarlar səfərə hazırlanıb. Srağagün birinci, dünən ikinci hissə yola salınıb. Hazırda qatarlar yoldadır və hər hansısa problem yoxdur”.
Qurum rəsmisinin sözlərinə görə, ümumiyyətlə, qatarların yol boyu saz-sağlam və xətərsiz-problemsiz daşınmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür:
“Ümumən qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu həmişə belə olub və bu dəfə də belə olacaq”.
486 dəfə oxundu