Şuşa bəyannaməsi Qazaxıstanı hərəkətə gətirib
Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycana səfər edərək prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Qazaxıstan Azərbaycanla strateji əlaqələri üst səviyyəyə qaldırmaq istəyir, bunu Muxtar Tleuberdinin Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşündə söylədiyi açıqlamalardan da müəyyənləşdirmək olar.
Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdinin Bakıda prezidentlə və azərbaycanlı həmkarıyla görüşdə səsləndirdiri açıqlamaları bu şəkildə qruplaşdırmaq olar:
- “Azərbaycanın Qarabağdakı Qələbəsi regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi və Qələbə münasibətilə Azərbaycan prezidentini və xalqını səmimiyyətlə təbrik edirəm”;
- “Qazaxıstanla Azərbaycan arasında dostluq münasibətləri Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev və Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Qazaxıstanın hazırki prezidenti Kasım-Jomart Tokayev bu siyasəti davam etdirərək Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində addımlar atır”;
- “İki ölkə arasında investisiya layihələrinin reallaşdırılması və nəqliyyat dəhlizlərinin inkişafı önəmlidir. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasına ehtiyac var. Bu mənada ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsi və qarşılıqlı ixracın genişləndirilməs xüusi əhəmiyyət daşıyır”;
- “Zəngəzur dəhlizinin açıqlması Cənubi Qafqazla Mərkəzi Asiya arasında inteqrasiyaya, Xəzər dənizinin liman infrasturkturunun inkişafına təkan verəcək. Azərbaycan böyük enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilir. Bu Qazaxıstanın da maraqlarına cavab verir;
- “Qazaxıstanın Cənubi Qafqazdakı əsas siyasi və iqtisadi tərəfdaşı Azərbaycandır”.
Qazaxıstan Ermənistanla birgə Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Buna baxmayaraq, Qazaxıstan Cənubi Qafqazda məhz Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyir. Qazaxıstan Azərbaycanın Qarabağ müharibəsində qazandığı qələbəyə sevinir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada müttəfiqliklə bağlı imzaladıqları bəyannamə də Qazaxıstanın diqqətini çəkib.
Azərbaycanla Türkiyə arasında güclənən siyasi, iqtisadi və hərbi ittifaqın tədricən Mərkəzi Asiyaya uzanması perspektivi var. Qazaxıstan, Özbəkistan və Qırğızıstan gələcəkdə bu ittifaqın tərkib hissəsi ola bilərlər. Misal üçün Qırğızıstanın yeni prezidenti Sadır Japarov bir müddət əvvəl Ankaraya gedərək Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşdü. Qırğızıstan prezidenti Ərdoğanla görüşdə iki ölkə arasında əlaqələri daha üstə səviyyəyə qaldırmaq istədiyini dedi.
Zəngəzur dəhlizinin açılmasıyla Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birlərinə daha sıx bağlanacaqlar. Buna qədər isə bu ölkələr siyasi, iqtisadi və hərbi əlaqələrini gücləndirəcəklər. Bu ölkələrin birgə hərbi texnika istehsalından tutmuş, birgə hərbi təlimlərə qədər addımlar atacağını proqnozlaşdırmaq mümkündür. Bu türkdilli dövlətlərin aralarındakı inteqrasiyanın gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
805 dəfə oxundu