“Cahangir Hacıyevin əmisi oğlu əmr edibmiş ki, o, keçəndə hamı ayağa dursun...” Etibar Əliyev
“Texnikabank”ın müşahidə şurasının indiki sədri Etibar Əliyev bankın onun əlindən alınıb Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin nəzarətinə verilməsindən sonra necə idarə edildiyinə dair maraqlı faktı danışıb
Etibar Əliyev qafqazinfo.az-a müsahibəsində deyib ki, Cahangir Hacıyevin bankda departament direktoru olan əmisi oğlu o keçəndə hamının ayaq üstə dayanmalı olduğu haqda əmr veribmiş. Xatırladaq ki, Etibar Əliyev MTN ətrafında başlayan proseslərdən və Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən sonra prezident İlham Əliyevə müraciət edərək “Texnikabank” üzərindəki hüquqlarının bərpasını xahiş edib.
Vaxtilə MTN maskalıları tərəfindən həbs olunan, bankı əlindən alınan Etibar Əliyevin bu müraciəti təmin olunub və o, “Texnikabank”ın müşahidə şurasının rəhbəri vəzifəsinə geri qayıdıb. Hazırda o, bankı defolt vəziyyətindən çıxarmağa çalışır.
Etibar Əliyev deyib ki, bankı ondan alıb Cahangir Hacıyevin nəzarətinə verəndən sonra Beynəlxalq Bank rəhbərinin səriştəsiz, bank işindən başı çıxmayan adamları “Texnikabank”a yerləşdirilib.
Onlardan biri də Cahangir Hacıyevin əmisi oğlu Cəmin Hacıyev idi. Cəmin Hacıyev bankda Kreditlərə Nəzarət Departamentinin direktoru olub. Etibar Əliyev banka nəzarətini geri qaytarandan sonra onu işdən azad edib.
“Həmin Cəmin Hacıyev göstəriş veribmiş ki, o dəhlizdən keçəndə hamı ayağa dursun. Kim durmayıbsa, onlara cəza verilib. Mən onu yanıma çağırıb etdiyi hərəkətlərin səbəbini soruşdum. Səbəbi izah edə bilmir və qanuni iş gördüyünü iddia edir. Deyir ki, mən departament müdiriyəm, bunları sizə kim deyib? Deməli, siz bankı nəzarətdə saxlamısınız. Sən kimsən ki, gələndə insanlar ayaq üstündə dursun? Sən ölkənin hansı strukturusan? Sənin işin müştərilərə, iş adamlarına xidmət göstərməkdir.
Mən bundan dəhşətə gəlirəm. Bankı bu cür insanlar idarə edib. Belə idarəetmənin nəticəsi də əlbəttə ki, defolt olar. Bu insanlar öz ailəsində xanımları qarşısında diz çökür, burda isə insanları ayaq üstündə saxladır”- bankir bildirib. E.Əliyev deyib ki, onu həbs edəndən sonra bankın böyük əziyyətlə yaradılmış Türkiyə şöbəsini bağlayıblar. Həmçinin Cahangir Hacıyevin göstərişi ilə bankın prosessinq mərkəzi bağlanıb. “Bu mərkəz böyük vəsait hesabına başa gəlmişdi. Yeni model qurulmuşdu, son avadanlıqlarla təchiz olunmuşdu.
Bunlar Cahangir Hacıyevin xoşuna gəlməyib. Bu - faciədir. Bankın eyni zamanda beş törəmə müəssisəsi var idi. Bunlardan hazırda “Texnika Kapital Menecment”, bir də “Alfa sığorta” qalıb. “Alfa sığorta” da defolt vəziyyətinə salınıb, vəsaitləri mənimsənilib. Təbii ki, biz əvvəlki infrastrukturları yenidən bərpa etməyə çalışacağıq. Cahangir Hacıyev kart sisteminin idarə edilməsi sisteminin yalnız öz bankında olmasını istəyirdi, sağlam rəqabətə imkan vermirdi, monopoliya yaratmışdı. “Texnikabank”da prosessinq mərkəzinin yaradılması Cahangir Hacıyevin xoşuna gəlmədiyi üçün dərhal bağlayıb”-E.Əliyev bildirib.
1197 dəfə oxundu