“Azərbaycanın və Gürcüstanın Avrasiya İttifaqına üzvlüyü üçün danışıqlar aparılır
“Ümumiyyətlə, Avrasiya inetqrasiya prosesi hər şeydən əvvəl coğrafiya ilə, tarixlə və bugünkü hadisələrin inkişafı ilə əlaqədardır. Mən düşünürəm ki, Zaqafqaziya da bu gün Avrasiya inteqrasiyasının pioneridir”.
Modern.az saytının məlumatına görə, bunu Ermənistanın tert.am portalına müsahibəsində Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru, politoloq Aleksey Martınov Avrasiya İttifaqı ilə İranın və Cənubi Qafqaz ölkələrinin perspektiv əməkdaşlıq planını şərh edərkən deyib. O, həmçinin bildirib ki, Azərbaycanın da Avrasiya Birliyində iştirak etməsi istisna deyil.
“Bu, niyə də olmasın? Biz nə vaxtsa hamımız, böyük sovet ölkəsinin tərkib hissəsi olmuşuq. Mən bununla siyasi çağırış etmirəm. Amma iqtisadiyyat nötqeyi-nəzərindən bunu hamıya aid etmək olar. Və bu planda İran niyə də olmasın?!”.
Ekspertin sözlərinə görə, Azərbaycanın və Gürcüstanın Avrasiya İttifaqına üzv olması üçün danışıqlar aparılır. “Mən əminəm ki, Azərbaycan və Gürcüstanla belə danışıqlar aparılır”. Avrasiya İqtisadi İttifaqı 2015-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayıb. Ekspertlərin “Yeni SSRİ” modeli kimi xarakterizə etdikləri bu təşkilata Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan daxildir. Məlumat üçün onu da bildirək ki, Azərbaycanın da Avrasiya İttifaqına üzvlüyü məsələsi zaman-zaman rəsmi və digər siyasi çevrələrdə gündəmə gəlir.
Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Rusiyada səfərdə olarkən rəsmi Bakının sözügedən təşkilatda iştirakı barədə belə demişdi: “Biz Azərbaycana xeyir gətirəcək ittifaqlara üzvlüyün mümkün olduğunu düşünürük. Bunun üçün təşkilatlara üzv olmağımızın müsbət və mənfi cəhətlərini analiz etmək, detallı dəyərləndirmələr aparmaq lazımdır”.
930 dəfə oxundu