PA rəsmisi: “Assosiasiya sazişini ona görə imzalamadıq ki..."

PA rəsmisi: “Assosiasiya sazişini ona görə imzalamadıq ki..."

“Bu gün ATƏT-in Minsk Qrupunu formalaşdırmış aparıcı dövlətlərin ikili standartları, onların münaqişə edən iki tərəfi bərabərləşdirmək cəhdləri, beynəlxalq strukturların mexanizmlərinin natamamlığı 20 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsini qəti nizamlamaq əvəzinə ciddi maneələrə çevrildi”.

APA-nın məlumatına görə, bu sözlər Prezident Administrasiyası rəhbərinin müavini, arici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfrans üçün hazırladığı “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda hazırladığı məqalədə əksini tapıb.

N. Məmmədov məqaləsində bildirib ki, ölkə daxilində təcavüzkar separatizm və Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş Azərbaycan dünya aktorları arasında ziddiyyətləri öz üzərində ən çox və açıq-aydın hiss edən ölkədir: “Həmsədr ölkələrin rəhbərləri başa düşməli idilər ki, demokratiyanın inkişaf etdirilməsi onlar üçün milli təhlükəsizlik məsələsidirsə, onda Azərbaycan üçün də işğal altında olan ərazilər üzərində nəzarətin bərpa edilməsi milli təhlükəsizlik məsələsidir”.

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə toxunan N. Məmmədov qeyd edib ki, bu gün Azərbaycan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramına qoşulmuş aparıcı ölkələrdən biridir: “Lakin Azərbaycan "Şərq Tərəfdaşlığı" Proqramının iştirakçısı olsa da, Avropa İttifaqı ilə assosiasiya və azad ticarət zonası haqqında sazişlər imzalanmasını sürətləndirmədi, özünün bu mövqeyini əsaslandırmaq üçün kifayət qədər inandırıcı arqumentlərdən istifadə etdi. Bu razılaşmalardan sonra Avropa İttifaqının Azərbaycana qarşı iqtisadi təsir imkanı hətta Azərbaycanın ümumiyyətlə daxil olmadığı Ümumdünya Ticarət Təşkilatının iqtisadi təsir imkanlarından daha güclü olardı. Bundan başqa, biz Avropa strukturu ilə assosiasiya sazişini həm də ona görə imzalamadıq ki, Avropa İttifaqı ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı mövqeyini bu sənəddə nümayiş etdirmədi. Halbuki bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Digər tərəfdən, necə olur ki, Avropa İttifaqı Gürcüstanın, Moldovanın və Ukraynanın ərazi bütövlüyünü tanıyır, Azərbaycana gəldikdə isə belə mövqe tutur? Bakı bir sıra belə məqamları nəzərə aldığına görə Ermənistanda yaranmış və Ukraynada hələ də davam edən dramatik sarsıntılardan kənardadır”.

N. Məmmədov qeyd edib ki, Azərbaycan başqa istiqamətlərdə də öz xarici siyasətini düşünülmüş şəkildə qurur. Qismən ən iri geosiyasi aktorların maraqlarının balansına əsaslanan çoxvektorluluq siyasəti həm də Şimali Atlantika Alyansı ilə münasibətlərin qaydaya salınması zərurətindən irəli gəlir: “Avropaya inteqrasiya yolu ilə irəliləyən Azərbaycan NATO ilə münasibətlərini mövcud hüquqi və siyasi razılaşmalar çərçivəsində saxlamağa çalışır. Qərblə Şərqin qovuşduğu coğrafi zonada, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi, neft-qaz ehtiyatları ilə zəngin olan regionda yerləşən Azərbaycan üçün xarici siyasətin düzgün seçimi ölkənin müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi işində əsas amillərdən biri olaraq qalır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...