Dollar 14 illik maksimumu yeniləyib
Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra ABŞ dollarının indeksi rallini davam etdirərək 0,57% möhkəmlənib və 102,32 səviyyəsində qərarlaşıb. "APA-Economics" xəbər verir ki, bunadək indeks 102,62 səviyyəsinədək möhkəmlənməyi bacarıb ki, bu da 2003-cü ilin yanvar ayından etibarən ən yüksək göstəricidir.
Avro isə dollara nisbətən 0,3% ucuzlaşaraq 1,0503 dollar səviyyəsində müəyyənləşib. Bundan öncə Avrozonanın vahid valyutası 21 aylıq minimuma, yəni 1,0468 dollar səviyyəsinədək enib.
FED-in qərarından sonra Yaponiya yeni 10 aylıq minimuma enib. Hazırda 1 dollar 117,86 yendir.
Funt sterlinq 0,28% zəifləyərək 1,2530 dollar səviyyəsində qərarlaşıb. Halbuki, bundan öncə Böyük Britaniya valyutası 1,2515 dollar həddinə qədər geriləyib ki, bu da iki həftəlik minimumdur.
Çin yuanının dollara nisbətən məzənnəsi 2008-ci ilin ortalarından etibarən ən aşağı həddə enib.
FED-in qərarı açıqlandıqdan sonra inkişaf etməkdə olan ölkələrin valyutaları ciddi təzyiq altındadır. ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması burada əsas amillərdən biridir. Bu səbəbdən aşağı gəlirliliyə malik olan valyutalar dəyər itirməkdədir. İnvestorlar bu cür ölkələrdən kapital axınını proqnozlaşdırır ki, bu vəsaitlərin dollar aktivlərinə yatırılması qaçılmazdır.
Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,5-0,75% artırıb.
Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.
Ümumiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.
816 dəfə oxundu