Natiq Əliyev: “2020-ci ildə neftin barelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq”

Natiq Əliyev: “2020-ci ildə neftin barelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq”


“Proqnozlara əsasən, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq”.

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Respublika" qəzetində dərc edilmiş məqaləsində qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 mln. 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir: “Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq”.

Nazir bildirib ki, enerji istehsalının artımını tələb edən faktorların əhalinin artması və dünyada qlobal iqtisadi aktivliklə şərtləndiyini nəzərə alsaq, növbəti onilliklərdə neftə tələbatın - nəticədə isə qiymətin də yüksələcəyini proqnozlaşdırmaq olar.

“Əhali sayının artması prosesi 2035-2040-cı illərdə neftə olan tələbatı maksimum səviyyəyə qaldıracaq. 2010-cu ildən 2040-cı ilədək dünya əhalisinin sayının təqribən 30% artması isə qlobal ÜDM-in də, təxminən, 140% yüksələcəyini vəd edir. “Brukinqs” institutunun hesablamalarına görə, 2010-2030-cu illərdə 2,8 mlrd. əhali orta təbəqə səviyyəsinə yüksələcək və onların demək olar ki, hamısı inkişaf edən ölkələrdə yaşayacaqlar. Çin, Hindistan və əsas inkişaf edən ölkələr birlikdə nəzərdə tutulmuş orta təbəqə artımının 80%-ni təşkil edir. Eləcə də, təxmin edilir ki, 2040-cı ilə qədər enerji daşıyıcılarına olan qlobal tələbat üzrə artım əsasən inkişaf etməkdə olan ölkələrin payına düşəcək. Çünki bu ölkələrin enerji istehlakı təxminən 70 faizə yüksələcək. Enerji daşıyıcıları üzrə qlobal tələbatın yarısının Çin və Hindistanın payına düşəcəyi gözlənilir”, - deyə N.Əliyev əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...