Yollarda 350-dən çox texnika hazır vəziyyətə gətirilib - FOTOLAR
“Azəravtoyol” ASC-nin qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizm hazır vəziyyətə gətirilib.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd, respublikanın avtomobil yollarına isə xidmət məqsədi ilə 669 ədəd yol texnikası, maşın və mexanizm saz vəziyyətə gətirilib. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyatı toplanıb.
Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri də avam etdirilir. Bunun üçün 2 min ton texniki duzun alınması təmin olunub, yaxın günlərdə isə daha 2 min ton duzun alınması nəzərdə tutulub.
ASC-nin tabeliyində olan MMC-lər tərəfindən də tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatı toplanıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb.
Payız-qış mövsümünə hazırlıq məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanları aradan qaldırılması,
həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.
1012 dəfə oxundu