"Azərbaycana məğlubiyyət bizə dərs olub" - Şimali İrlandiya yığmasının baş məşqçisi:
"Azərbaycan yığması seçmə mərhələyə yaxşı başlayıb. 2 qələbəsi var, 7 xal toplayıb. Üstəlik, qapısından top buraxmayıb. Rəqibi analiz etmişik. Müdafiədə daha diqqətlidir. Bu, onların işinə yarayır. Əks-hücumda yaxşı təsir bağışlayırlar, Norveç və Çexiya ilə oyunlarda olduğu kimi bizimlə də eyni üslubda oynayacaqlarını gözləyirəm. Yəqin ki, bura 3 xal qazanmaq üçün gəliblər".
"Report"un Şimali İrlandiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində sabah Azərbaycan millisini qəbul edəcək futbol üzrə Şimali İrlandiya yığma komandasının baş məşqçisi Maykl Onil deyib.
Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb
- Bu matçda qalib gəlmək sizin üçün nə qədər önəmlidir?
- Sabahkı oyunda qalib gəlmək bizim üçün çox vacibdir. Daha çox xal toplamağa çalışacağıq. Əsas da evdə. Çexiya və Almaniya ilə oyunlardan sonra 4 xalımızın olması pis nəticə deyil. Sabahkı oyunda ancaq qələbə qazanmaq əzmindəyik. İstəmərik ki, Azərbaycandan 6 xal geri düşək.
- 2-ci yeri tutmaqdan başqa aktivdə daha çox xalın olması da vacibdir...
- Qrupun səviyyəsi yüksəkdir. Almaniyanın qrup qalib olacağını indidən söyləmək olar. 2-ci yeri tutmaq vacibdir. Amma, gərək xal ehtiyatımız da çox olsun. Çünki digər qruplar da var. Maksimum xal toplamalıyıq ki, ikincilər arasında sonuncu olmayaq.
- Azərbaycanın qol buraxmaması sizi təəccübləndirir?
- Düzü, təəccüblənmişəm. Komanda kollektiv oyun nümayiş etdirir. Belə komandalara qarşı oynamaq həmişə çətindir. Rəqibi analiz etmişik, müəyyən boşluqlar buraxırlar ki, onlardan istifadə etməyə çalışacağıq. Heyətdə «Qarabağ»dan 6 futbolçu yer alır. «Qəbələ»dən də futbolçuları var. Bu isə komandanın gücünü göstərir. Oyun cədvəli Azərbaycanın lehinədir. Qazandıqları xallara görə rəqib futbolçularda özlərinnə inam hissi çoxalıb. Bizdə də özümüzəinam var. Futbolçularla fərdi söhbətlər etmişəm. Hamısı sabahkı oyunun əhəmiyyətini dərk edir. Əsas məqsədimiz daha çox qol epizodu yaratmaq və onlardan maksimum istifadə etməklə qalib gəlməkdir.
- Seçmə mərhələ başlamamış kimsə Sizə Azərbaycan yığmasının Belfasta 7 xalla və qrup ikincisi kimi gələcəyini söyləsəydi, inanardınız?
- Təəccüblənmədim. Azərbaycanla indiyə kimi 2 dəfə oynamışıq, qalib gələ bilməmişik. Avropa Liqasında 2 təmsilçiləri var. Bu faktlar oyunun çətin keçəcəyindən xəbər verir. Azərbaycana asan rəqib kimi baxmırıq. Digər komandalardan seçmirik. Almaniyanı çıxmaq şərtilə digər 4 komandanın 2-ci yeri tutmaq şansı eynidir.
- Əvvəlki Azərbaycan yığması ilə indiki komanda arasında fərq çoxdur?
- Azərbaycana məğlubiyyət bizə dərs olub. Sabah hansı komandaya qarşı oynayacağımızı yaxşı dərk edirik. Onlarda da, bizdə də dəyişikliklər olub. İndiki komandanı öyrənmişəm və əvvəlkindən daha yaxşıdır.
806 dəfə oxundu