Azərbaycan dilində düzgün danışmayanlar cəzalanacaq
Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi tətbiq edilə bilər. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, bir sıra ölkələrdə, xüsusilə, Pribaltika ölkələrində dövlət dilinin normalarını pozanlara qarşı inzibati qaydada cəza tədbirləri tətbiq olunur: “Yəni ədəbi dilin normalarını pozanlara qarşı maddi, yəni pul ödəmə cəzası tətbiq edilir. Tutaq ki, kimsə, çimərlik əvəzinə, “plyaj” deyirsə, “tıxac” əvəzinə, “probka” deyirsə, onlar pulla cərimələnir. Azərbaycanda da bunu kiçik məbləğdə pul cəriməsindən başlamaq olar.
Yol hərəkəti qaydalarını pozanlara qarşı cəza tədbirlər görülür və bu tədbirlər effektiv nəticəsini verir. Ədəbi dilin normalarını pozanlara qarşı inzibati cəzanın tətbiqi ilə bağlı irəli sürdüyümüz təklif AMEA-nın rəhbərliyi tərəfindən bəyənilib. Amma bunun mexanizmini hazırlamaq lazımdır. Belə bir qanunun tətbiq olunması ilə bağlı müvafiq orqanlar qarşısında vəsatət qaldırıla bilər".
Ədəbi dilin normalarının pozulması hallarının qarşısının alınması üçün institutun monitorinq şöbəsi tərəfindən daim monitorinqlərin keçirildiyini deyən M.Nağısoylu qeyd edib ki, belə halların olmaması üçün yalnız Bakıda deyil, digər rayon və şəhərlərdə də afişa, reklamlarla məşğul olan idarələrlə, hətta Səhiyyə Nazirliyi ilə (dərmanların içliklərinin hazırlanması ilə bağlı) müqavilə bağlamaq istəyirlər: “Bu tədbirləri həyata kerçirmək istəyirik ki, ədəbi dilin normalarının pozulması hallarının qarşısı alınsın. Ədəbi dilin normalarını gözləmək hamımızın vəzifəsidir. Bu, yalnız Dilçilik İnstitutunun işi deyil”.
846 dəfə oxundu