“Qızının ölümündən xəbəri yoxdur...” - Aparat rəhbərinin evindəki partlayışın təfərrüatı
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında “Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanovun evində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banıçiçək Qurbanlı ölüb, digərləri isə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. “Qafqazinfo”nun xəstəxanada olan əməkdaşının məlumatına görə, xəbəri eşidən hər kəs yaralılara baş çəkməyə gəlir.
Yaxınlarının sözlərinə görə, partlayışa səbəb evdən 40 metr aralıda yerləşən yeraltı qaz xəttindəki sızma olub: "Şəbruz (Müşfiq Qurbanovun xanımı) səhər 6-da namaza duran vaxt işığı yandırıb və həmin an partlayış baş verib. Güclü partlayış 3 yaşlı Banıçiçəyi kənara atıb və valideynləri bir müddət qızı axtarıblar. Bu səbəbdən də ailə güclü yanıq xəsarəti alıb. Şəbruz deyib ki, Banıçiçəyi tapmamış evdən çıxan deyil. Daha sonra Müşfiq Qurbanov qızını tapıb maşınla həkimə çatdırıb”.
Yaxınları daha sonra bildirib ki, faciədə həlak olan 3 yaşlı qızcığaz artıq dəfn olunub: "Banuçiçək babasının məzarının yanında, Yasamalda torpağa tapşırılıb". Qurbanovların yaxınları onu da qeyd edib ki, hazırda yaralılar üçün Türkiyədən helikopter çağırılıb: "Leylanın (Ailənin böyük qızı) vəziyyəti yaxşıdır, danışa bilir. Müşfiqlə arvadı Türkiyəyə aparılacaq. Şəbruzun qızının ölümündən xəbəri yoxdu..."
794 dəfə oxundu