Kral Salman da xərclərini azaldacaq
Neftin qiymətinin son zamanlar düşməsindən sonra Səudiyyə Ərəbistanı xərcləri azaldacaq və bir sıra dövlət layihələrini donduracaq. Bu barədə maliyyə naziri İbrahim əl-Əssəf "CNBC Arabia" kanalına müsahibəsində deyib. O, əlavə edib ki, neftin qiymətinin aşağı olmasına baxmayaraq, ölkəsi yaxşı vəziyyətdədir. Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçısıdır və neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkə neft istehsalatının həcmini dəyişməyib. İndi neftin 1 barelinin qiyməti 50 dollardan da az qiymətə satılır ki, bu da keçən ilki qiymətin yarısı qədərdir.
“Biz rezervuarlar tikmişik, əhalinin borcunu sıfra yaxınlaşdırmışıq və indi lazımsız xərclərin azaldılmasına və mühüm inkişaf layihələri və insan resurslarının artırılmasına diqqət ayıracağıq” - nazir müsahibə zamanı deyib.
İqtisadiyyatın bəzi sahələri investisiya qəbul etməkdə davam edəcək və ölkə enerjidən başqa digər sənaye sahələrini də inkişaf etdirmək niyyətindədir. “Təhsil, səhiyyə və infrastruktur sahəsindəki layihələr indi yalnız özəl sektor üçün deyil, həm də Səudiyyənin iqtisadiyyatının uzun müddətli inkişafı üçün vacibdir” nazir deyib.
Lakin o, hansı sahələrdə xərclərin azaldılmasını açıqlamayıb. Nazir bəzi xərclərin maliyyələşdirilməsi üçün ölkənin müxtəlif növ istiqrazlar, o cümlədən sükuk adı ilə tanınan İslami istiqrazlar çap ediləcəyini bildirib. Krallıq indi 600 milyard dollardan çox vəsaitə malikdir və buna görə də vəsaitin azalmaması üçün neftdən gələn gəlirlərin aşağı düşməsi fonunda, dövlət xərcləri azaltmağa çalışır.
1247 dəfə oxundu