Şirkət Yaşıllaşdırma İdarəsinin təzə basdırdığı tingləri çıxarıb atdı, sakinlər etiraza qalxdı

Şirkət Yaşıllaşdırma İdarəsinin təzə basdırdığı tingləri çıxarıb atdı,

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi 131 ünvanda yerləşən parkdakı ağacların kəsilərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi yenidən gərginliyə səbəb olub. Bu gün-oktyabrın 19-da parkın ərazisi “Abşeron-M” MMC tərəfindən hasarlanıb. Bir qrup sakin isə etiraz aksiyası keçirərək tikintinin dayandırılmasını tələb edib.

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, sentyabrın 18-də Bakı Şəhər Yağıllaşdırma İdarəsi tərəfindən parkda 50 ağac əkilib. “Bu gün tikinti şirkətinin nümayəndələri parkı hasarladılar. 1 günlük ağaclar isə yerindən çıxarıldı. Buna görə də etiraz aksiyası keçirərək narazılığımızı bildirdik”, saytın redaksiyasına müraciət edən sakinlər qeyd ediblər.

Şirkət Yaşıllaşdırma İdarəsinin təzə basdırdığı tingləri çıxarıb atdı,


“Traktorları töküblər əraziyə, dünən yaşıllaşdırma idarəsinin əkdiyi ağacları bu gün ev tikən şirkətin fəhlələri qoparıb atır kənara. Bu ərazidəki ağaclar bir müddət əvvəl kəsilmişdi. Sakinlərin etirazlarına məhəl qoyulmamışdı. Çoxsaylı müraciətlərimizin nəticəsi olaraq, oktyabrın 18-də Yaşıllaşdırma İdarəsinin fəhlələri burada 50 ədəd ağac əkib getdi. Şirkət rəhbərliyi də sakinlərə xəbər göndərdi ki, “sevinməyin, səhər hamısını qırıb atacağıq”. Biz də gecədən yatmayıb ağacların keşiyini çəkdik. Səhər ağır texnikalar gəldi, ağacların əkildiyi ərazi hasara alındı. Səhərdən şirkətin fəhlələri ilə, az qala, ölüm-dirim savaşındayıq. Yenə də bildiklərini edirlər, dünən əkilən ağacları qoparırlar”-sakinlər deyir.

Bu günkü aksiyada 60-a yaxın sakin iştirak edib. Aksiyanın təşkilində ittiham olunan-131 ünvanda yaşayan Qarabağ əlili Rövşən Qafarov saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, ağacların kəsilməsinə etiraz olaraq oktyabrın 5-də keçirilən aksiyada Rövşən Qafarov üstünə benzin tökərək özünü yandırmaq istəyərkən polislər tərəfindən saxlanılmışdı. Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

“Bu gün ağacları kəsmək istəyirdilər. Buna görə də sakinlər toplanaraq etiraz aksiyası keçirdilər. Hazırda polis idarəsindəyəm. Dedilər ki, 3 saat gözləyəcəksən”-R.Qafarov bildirib.

Şirkət Yaşıllaşdırma İdarəsinin təzə basdırdığı tingləri çıxarıb atdı,


Onun sözlərinə görə, narazı sakinlər polis əməkdaşları tərəfidən ərazidən uzaqlaşdırılıblar. “Tikinti şirkətinin əməkdaşları mənə hədə-qorxu gəlir. Amma biz tikintinin aparılmasına sonadək etiraz edəcəyik. Çünki həmin park bizim dincəldiyimiz yeganə məkandır”, R.Qafarov əlavə edib.

Şikayətçi deyir ki, Yaşıllaşdırma İdarəsinin nümayəndələri də əraziyə dəvət edilib. “Onlar da nə baş verdiyini gördülər. Ağaclar tikinti şirkətinin nümayəndələri tərəfindən çıxarılmışdı. Məni saxlayandan sonra nə baş verdiyii bilmirəm”, şikayətçi bildirib.

Şirkətin icraçı direktoru Sənan Rəhimov isə virtualaz.org saytına açıqlamasında bu gün tikinti aparılacaq ərazinin hasarlandığını təsdiqləyib. “Bizim şirkət tərəfindən bir ağac belə kəsilməyib. Əksinə biz tikintidən sonra ərazini yaşıllaşdırmağı planlaşdırırıq. Bizim aparacağımız tikinti parkın ərazisindən 8 metr yuxarıdadır”-S.Rəhimov deyib.

S.Rəhimov etiraz aksiyası keçirilməsi ilə bağlı sakinlərin dediklərini təkzib edib.

Bakı Şəhər İcra Hakimiyyətindən isə parkın ərazisinin tikinti şirkətinə satılması ilə bağllı ittihamlara cavab ala bilmədik. Meriyadan bildirdilər ki, suallar yazılı göndərilməli, mətbuat xidmətindən icazə alındıqdan sonra cavablandırılmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
685 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...